İqtisadçı deputat Vüqar Bayramov öz sosial media hesabında Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin 8-ci Zirvə Toplantısı çərçivəsində etdiyi çıxışı şərh edib.
O bildirib ki, 2026-cı il 4 may tarixində videobağlantı formatında çıxış edən Prezident İlham Əliyev Azərbaycan və Ermənistan arasında iqtisadi əlaqələrin yaranmasına toxunub. Dövlət başçısının sözlərinə görə, indiyədək Azərbaycan ərazisi vasitəsilə Ermənistana 28 min ton yük çatdırılıb, həmçinin 12 min ton neft məhsulları ixrac edilib. Bu isə faktiki olaraq ticarət münasibətlərinin başlanğıcı kimi qiymətləndirilir.
Vüqar Bayramov qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin və kommunikasiya xətlərinin bərpası regionda sülhün möhkəmlənməsinə xidmət edəcək. Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi regionun iqtisadi inkişafı üçün yeni imkanlar yaradacaq.
Deputat əlavə edib ki, ilkin qiymətləndirmələrə əsasən, sülh sazişindən sonra Azərbaycan və Ermənistan arasında 38 məhsul üzrə qarşılıqlı ticarətin qurulması mümkündür. Bu məhsullar enerji və qeyri-neft sektorunu da əhatə edir.
Onun sözlərinə görə, iqtisadi əlaqələr tam bərpa olunduğu halda iki ölkə arasında illik ticarət dövriyyəsi 300 milyon dollara qədər yüksələ bilər. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə region üzərindən yük daşımalarının artmasına və ölkələrin tranzit gəlirlərinin çoxalmasına şərait yaradacaq.
Vüqar Bayramov vurğulayıb ki, bu proses həm dayanıqlı sülhün möhkəmlənməsi, həm də Cənubi Qafqazın iqtisadi inkişafı baxımından strateji əhəmiyyət daşıyır.
