25 C
Baku
27 Sentyabr 2026, 20:58
Ceyhun Məmmədov, 27 Sentyabr, Anım Günü, Vətən müharibəsi, şəhidlər, qazilər, Azərbaycan Ordusu, Zəfər
Baş xəbər

Vətəni hər şeydən uca tutdular

Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Ceyhun Məmmədov 27 Sentyabr – Anım Günü ilə bağlı sosial media hesabında paylaşım edib.

Deputat qeyd edib ki, 27 Sentyabr Azərbaycan xalqının yaddaşında Vətən uğrunda canından keçmiş qəhrəmanların əziz xatirəsinin yad edildiyi mühüm və müqəddəs gündür.

Ceyhun Məmmədov bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan mövqelərinə və yaşayış məntəqələrinə qarşı genişmiqyaslı hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb. Onun sözlərinə görə, bununla da tariximizə 44 günlük Vətən müharibəsi kimi daxil olan mübarizə başlanıb.

Deputat vurğulayıb ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu böyük şücaət və qəhrəmanlıq nümayiş etdirərək işğal altında olan torpaqlarımızın azad olunması uğrunda mübarizə aparıb. O qeyd edib ki, Ordunun hər bir əsgər və zabiti öz vəzifəsini böyük fədakarlıqla yerinə yetirib, arxa cəbhədə isə xalq əsgər və zabitlərin ətrafında sıx birləşərək həmrəylik nümayiş etdirib.

Ceyhun Məmmədovun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm tarixi nəticələrlə başa çatıb. Deputat bu Zəfərin xalqımızın yaddaşına qəhrəmanlıq, birlik və milli həmrəyliyin rəmzi kimi həkk olunduğunu bildirib.

O qeyd edib ki, qazanılan Qələbədə Vətən uğrunda canından keçən şəhidlərin və sağlamlığını itirən qazilərin böyük payı var. Deputat onların göstərdiyi şücaət və fədakarlığın heç zaman unudulmayacağını vurğulayıb.

Ceyhun Məmmədov paylaşımında 27 sentyabrın Anım Günü kimi qeyd olunması ilə bağlı 2 dekabr 2020-ci il tarixli Prezident Sərəncamını da xatırladıb.

Deputat bildirib ki, 27 Sentyabr yalnız şəhidlərin yad edildiyi gün deyil, eyni zamanda Vətən torpağının, milli birliyin və azadlığın dəyərinin bir daha dərk edildiyi gündür.

Onun sözlərinə görə, Azərbaycan xalqı uzun illər doğma torpaqlarının işğalı ilə üz-üzə qalıb, yüz minlərlə insan yurdlarından didərgin düşüb, yaşayış məntəqələri dağıdılıb, tarixi və mədəni irsə ciddi ziyan vurulub. Lakin bütün bunlar xalqın Vətənə bağlılığını və mübarizə əzmini sındıra bilməyib.

Deputat 2016-cı ilin Aprel döyüşlərini və 2020-ci ilin iyulunda baş verən Tovuz hadisələrini də xatırladaraq, onların Azərbaycanın öz ərazi bütövlüyünü və təhlükəsizliyini qorumaq əzmini nümayiş etdirdiyini bildirib.

Ceyhun Məmmədov həmçinin Vətən müharibəsi günlərində dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların Azərbaycanla həmrəy olduğunu, qardaş Türkiyənin isə müharibənin ilk günlərindən ölkəmizə mənəvi və siyasi dəstək verdiyini qeyd edib.

Deputat vurğulayıb ki, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə başlanılıb, şəhər və kəndlər yenidən qurulur, yollar və infrastruktur yaradılır, insanların doğma yurdlarına qayıtması üçün şərait formalaşdırılır.

Ceyhun Məmmədov bildirib ki, əsas vəzifələrdən biri şəhidlərin əziz xatirəsinə layiq olmaq, qazilərə daim ehtiram göstərmək və azad edilmiş torpaqların gələcəyinə töhfə verməkdir.

Deputat paylaşımını şəhidlərə ehtiram ifadə edən fikirlərlə yekunlaşdırıb:

“Biz şəhidlərimizi heç zaman unutmayacağıq. Onların keçdiyi yol bizim üçün qürur, onların xatirəsi isə müqəddəs əmanətdir”.

Aynur Camal

Oxşar xəbərlər

Hulusi Kılıç: Can Azərbaycanın hədəfə alınması bizim ailəmizə yönəlmiş hücumdur

Aynur Camal

27 Sentyabr – Anım Günü qeyd olunur

Aynur Camal

Ombudsman Anım Günü ilə bağlı bəyanat yaydı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu