Pendir süd məhsuludur və müxtəlif məməlilərin südünün fermentasiya olunaraq bərk formaya salınması ilə hazırlanır. Tərkibində zülal, yağ, vitaminlər, kalsium və fosfor kimi faydalı qida maddələri mövcuddur. Pendir yağ tərkibinə görə az yağlı və yüksək yağlı növlərə bölünür. Mozzarella, Rikotta və Kottec pendiri az yağlı pendirlər sayıldığı halda, Çeddar, krem pendir və İsveç pendiri kimi növlər daha yağlı pendirlər sırasına daxildir.
Yağın həddindən artıq qəbulu piylənmə və ürək-damar xəstəlikləri ilə əlaqələndirildiyi üçün uzun illər az yağlı pendir daha sağlam seçim kimi təqdim olunub. Lakin nüfuzlu beynəlxalq “Neurology” jurnalında dərc olunan yeni araşdırma pendirin demensiya riskinə təsiri ilə bağlı maraqlı nəticələr ortaya qoyub.
Araşdırmada orta yaşı 58,1 olan və əvvəllər demensiya diaqnozu qoyulmamış 27 670 İsveç sakini iştirak edib. Tədqiqatçılar iştirakçıların bir həftə ərzində qidalanma vərdişlərini araşdırıb və onları təxminən 25 il ərzində izləyərək demensiya halları üzrə nəticələri qeydə alıblar.
İzləmə müddətində 3 208 nəfərdə demensiya inkişaf edib. Gündəlik ən azı 50 qram yüksək yağlı pendir (yağ tərkibi 20% və daha çox) yeyən şəxslərdə, gündə 15 qram və ya daha az pendir yeyənlərlə müqayisədə Alzheimer demensiyası 13%, damar mənşəli demensiya isə 26% daha az müşahidə olunub.
Eyni zamanda yağ tərkibi 30%-dən yüksək olan yüksək yağlı qaymaq istehlak edən şəxslərdə də demensiya riski 16% daha aşağı olub. Araşdırma göstərib ki, az yağlı pendir, az yağlı qaymaq, kərə yağı və süd isə demensiyaya qarşı qoruyucu təsir göstərməyib.
Mütəxəssislər pendirdə olan faydalı yağ turşuları və peptidlərin mərkəzi sinir sistemində iltihabı azaltdığını, həmçinin qlutation kimi antioksidant maddələrin səviyyəsini artıraraq sinir hüceyrələrini qoruduğunu bildirirlər. Bu mexanizmin pendirin demensiyaya qarşı təsirini izah edə biləcəyi qeyd olunur.
Araşdırmanın nəticələri artıq çəkidən qorxaraq yüksək yağlı pendirdən uzaq duran insanlar üçün ümidverici xəbər kimi qiymətləndirilir.
Mənbə: WorldNews
