Bugun.tv xəbər verir ki, terapevt Svetlana Burnatskaya yay aylarında da insanların kəskin respirator virus infeksiyalarına (KRVİ) yoluxa biləcəyini bildirib. Həkimin sözlərinə görə, bunun əsas səbəblərindən biri isti hava ilə sərin mühit arasında yaranan kəskin temperatur fərqidir.
Mütəxəssis qeyd edib ki, 35 dərəcə isti havadan temperaturu 18–20 dərəcə olan kondisionerli otağa daxil olduqda orqanizm qısa müddətdə uyğunlaşmağa məcbur qalır. Soyuq hava birbaşa virus yaratmasa da, burun və boğazın selikli qişalarının yerli müdafiəsini zəiflədə bilər. Əgər insan artıq virusla təmasda olubsa, bu vəziyyət infeksiyanın inkişafını asanlaşdıra bilər.
Svetlana Burnatskayanın sözlərinə görə, çox soyuq içkilərin tez-tez qəbul edilməsi, qızmış bədənlə soyuq suya girmək və kondisionerin güclü hava axını altında uzun müddət qalmaq da oxşar təsir göstərə bilər.
Həkim əlavə edib ki, kondisionerin özü virus mənbəyi deyil. Lakin filtrlər vaxtında təmizlənmədikdə onların üzərində toz, allergenlər və bəzi mikroorqanizmlər toplana bilər. Bundan başqa, həddindən artıq quru hava tənəffüs yollarının selikli qişasını qurudaraq orqanizmin təbii müdafiəsini zəiflədə və infeksiyalara yoluxma riskini artıra bilər.
Mütəxəssis yay aylarında kondisionerlərin müntəzəm texniki xidmətinin aparılmasını, otaq temperaturunun həddindən artıq aşağı salınmamasını və kifayət qədər maye qəbul edilməsini tövsiyə edib.
Mənbə: mail.ru
