Bugun.tv xəbər verir ki, Türkiyədə milyonlarla abituriyentin iştirak edəcəyi 2026-cı il ali məktəblərə qəbul imtahanı üçün son hazırlıqlar görülür.
TRT Haber-in məlumatına görə, 20-21 iyun tarixlərində keçiriləcək 2026-cı il Yüksəköğretim Qurumları Sınağına (YKS) ümumilikdə 2 milyon 425 min 628 namizəd müraciət edib. İmtahan iki gün davam edəcək və ölkənin bütün bölgələrində minlərlə imtahan mərkəzində təşkil olunacaq.
Birinci gün keçiriləcək Əsas Bacarıqlar Testində abituriyentlərin türk dili, riyaziyyat, sosial və təbiət elmləri üzrə bilikləri yoxlanılacaq. İkinci gün isə ixtisas istiqamətlərinə uyğun əlavə testlər təşkil ediləcək.
Səlahiyyətli qurumlar namizədlərə imtahana vaxtında gəlməyi, şəxsiyyət vəsiqəsi və giriş sənədini əvvəlcədən hazırlamağı tövsiyə edib. İmtahan günlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək, həmçinin nəqliyyatın fasiləsiz işləməsi üçün əlavə tədbirlər görüləcək.
YKS Türkiyədə ali təhsil almaq istəyən gənclər üçün ən vacib mərhələlərdən biri hesab olunur.
Mənbə: TrtHaber
