Bugun.tv xəbər verir ki, Almaniya və Avstriyanın bəzi yollarında asfalt üzərinə çəkilən sarı dairələr sürücülərin diqqətini cəlb edir. İlk baxışdan qeyri-adi görünən bu nişanlamalar yeni yol hərəkəti qadağası və ya sürət məhdudiyyəti tətbiq etmir. Onların əsas məqsədi sürücüləri daha ehtiyatlı olmağa və sürəti azaltmağa təşviq etməkdir.
“Ensonhaber” nəşrinin məlumatına görə, bu üsul Almaniyanın Düsseldorf, Berlin və Karlsrue şəhərlərində, eləcə də Avstriyanın bəzi ərazilərində tətbiq olunur.
Sarı dairələr sürəti azaltmağa necə kömək edir?
Tətbiqin əsasında sürücülərin diqqətinə və davranışına təsir göstərən vizual üsul dayanır. Tünd rəngli asfalt üzərində çəkilən sarı dairələr sürücünün diqqətini yola yönəltmək və onu sürətini azaltmağa sövq etmək üçün nəzərdə tutulub.
Sarı rəngin diqqətçəkən xüsusiyyətindən istifadə edən bu yanaşma ilə xüsusilə yaşayış məntəqələrində nəqliyyatın daha təhlükəsiz hərəkəti və sürücülərin ətraf mühitə diqqətinin artırılması hədəflənir.

Sarı dairələr rəsmi yol nişanı deyil
Nəşrin məlumatına əsasən, sarı dairələr standart yol nişanları sırasına daxil deyil. Onlar öz-özlüyündə yeni sürət həddi müəyyən etmir və hərəkətə qadağa qoymur.
Bununla belə, sürücülərin diqqətini cəlb edən bu cür yol nişanlamaları daha ehtiyatlı idarəetməyə təşviq etmək üçün istifadə olunur. Sürücülər isə hərəkət zamanı mövcud yol nişanlarına və qüvvədə olan qaydalara əməl etməlidirlər.
Mənbə: Ensonhaber
