Bugun.tv xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qərbi Avropa ölkələrinin Ukraynaya hərbi dəstəyinin münaqişənin sülh yolu ilə həllinə mane olduğunu bildirib.
Moskvada keçirdiyi həftəlik brifinqdə çıxış edən Zaxarova qeyd edib ki, Niderlandın Ukrayna üçün 500 milyon avro dəyərində pilotsuz uçuş aparatları və hava hücumundan müdafiə sistemlərinin alınmasını maliyyələşdirmək, Belçikanın isə Kiyevə yeddi ədəd F-16 qırıcı təyyarəsi vermək planı buna nümunədir.
“Bu, Qərbi Avropanın Ukraynada sülhün təmin olunmasında ən böyük maneə olduğunu göstərir”, – deyə o vurğulayıb.
Rusiya ilə Fransa və Avropa İttifaqı arasında münasibətlərin dərin böhran dövrünü yaşadığını bildirən Zaxarova, Fransa Prezidenti Emmanuel Makronu ikitərəfli əlaqələrin çıxılmaz vəziyyətə düşməsində şəxsən məsul hesab etdiyini söyləyib.
ABŞ-ın Ukraynaya hərbi dəstəyini də tənqid edən Rusiya rəsmisi bildirib ki, Kiyevə hərbi texnikanın verilməsi regional və beynəlxalq təhlükəsizlik baxımından gözlənilməz nəticələrə səbəb ola bilər.
Zaxarova əlavə edib ki, Rusiya Ukraynaya göndərilən hərbi texnikanı legitim hərbi hədəf hesab edir və bu mövqeyini Vaşinqtonla təmaslar zamanı dəfələrlə çatdırıb.
Qeyd edək ki, Qərb ölkələri isə Ukraynaya göstərilən hərbi yardımın ölkənin özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini bildirirlər.
Mənbə: Ensonhaber
