Bugun.tv xəbər verir ki, ABŞ Prezidenti Donald Trump İranı Hörmüz boğazı yaxınlığında patrul xidməti həyata keçirən ABŞ hərbi helikopterini vurmaqda ittiham edib.
Trump bildirib ki, ABŞ ordusuna məxsus AH-64 Apache tipli döyüş helikopteri Oman sahilləri yaxınlığında patrul uçuşu zamanı vurulub. Onun sözlərinə görə, hadisə nəticəsində helikopterdə olan iki pilot xilas edilib və onların vəziyyəti yaxşıdır.
ABŞ prezidenti hadisəni ciddi təxribat kimi qiymətləndirərək Vaşinqtonun buna cavab verəcəyini bəyan edib. Bununla belə, Trump cavab tədbirlərinin hansı formada olacağı barədə ətraflı məlumat verməyib.
ABŞ Mərkəzi Komandanlığı hadisədən sonra yaydığı açıqlamada helikopterin qəzaya uğramasının səbəblərinin araşdırıldığını bildirib. İlk məlumatlarda texniki nasazlıq, qəza və ya atəşə tutulma ehtimallarının nəzərdən keçirildiyi qeyd olunub.
Məlumata görə, helikopterin ekipajı hadisədən təxminən iki saat sonra ABŞ qüvvələri tərəfindən xilas edilib. Xilasetmə əməliyyatında ABŞ Hərbi Dəniz Qüvvələrinin pilotsuz dəniz platformasından istifadə olunduğu bildirilib.
Hadisə İran və İsrail arasında son günlərdə müşahidə olunan qarşılıqlı hücumlar və bölgədə artan gərginlik fonunda baş verib. Analitiklər hesab edirlər ki, insident Vaşinqton və Tehran arasında münasibətlərin daha da kəskinləşməsinə səbəb ola bilər.
Mənbə: Ensonhaber
