Çinin şimal-qərbində aparılan araşdırmalar zamanı təxminən 3 600 il əvvələ aid mumiyaların üzərində pendir qalıqları aşkar edilib. DNT analizləri həmin maddənin kefir əsasında hazırlanmış qədim pendir olduğunu üzə çıxarıb.
Bugun.tv xəbər verir ki, “Cell” elmi jurnalında 2024-cü ilin sentyabrında dərc olunan araşdırma barədə “Science News” nəşri məlumat yayıb.
Qalıqlar Tarım hövzəsində yerləşən Syaohe qəbiristanlığında tapılan mumiyaların baş və boyun nahiyələrində aşkarlanıb. İlk vaxtlar onların nə olduğu müəyyənləşdirilməsə də, sonrakı tədqiqatlar maddənin süd məhsulu olduğunu təsdiqləyib.
Alimlər DNT analizləri nəticəsində pendirin inək və keçi südündən hazırlandığını müəyyən ediblər. Məhsulun hazırlanmasında kefir fermentasiyası zamanı yaranan mikroorqanizmlər iştirak edib.
Tədqiqatçılar qədim pendirdəki bakteriyaları müasir kefir nümunələri ilə müqayisə edərək süd məhsullarının hazırlanma ənənələrinin Asiyada necə yayıldığına dair yeni məlumatlar əldə ediblər.
Mumiyaların üzərinə pendirin hansı məqsədlə qoyulduğu isə hələ də məlum deyil. Bunun dini mərasimlə və ya dəfn ənənələri ilə əlaqəli olması ehtimal edilir, lakin bu fikir təsdiqlənməyib.
Mənbə: Science News
