Bugun.tv xəbər verir ki, ABŞ və Çin alimlərinin birgə apardığı yeni araşdırma orta yaş dövründə üç mühüm sağlamlıq vərdişinin gələcəkdə demansın (bunamanın) yaranmasını təxminən 13 il gecikdirə biləcəyini göstərib.
Neurology Open Access jurnalında dərc olunan tədqiqat çərçivəsində 12 min 409 nəfərin orta hesabla 26 il ərzində toplanmış sağlamlıq göstəriciləri təhlil edilib. Nəticələrə əsasən, normal qan təzyiqinin qorunması, şəkərli diabetin olmaması və siqaretdən istifadə edilməməsi yaşlı dövrdə beyin sağlamlığının daha uzun müddət qorunmasına kömək edir.
Alimlər bildirirlər ki, xüsusilə 45-65 yaş aralığı damar sağlamlığının qorunması baxımından həlledici mərhələdir. Bu dövrdə yüksək təzyiq, diabet və siqaret kimi risk amillərindən uzaq qalmaq həm ürək-damar sistemi, həm də beyin fəaliyyətinin uzunmüddətli qorunmasına müsbət təsir göstərir.
Araşdırmada həmçinin müəyyən olunub ki, bu üç risk faktorunun hamısına malik olan şəxslərdə demans daha erkən başlayır və ömür uzunluğu da daha qısa olur. Mütəxəssislər sağlam həyat tərzinin beyin sağlamlığının qorunması üçün ən təsirli üsullardan biri olduğunu vurğulayırlar.
