Bugun.tv xəbər verir ki, ABŞ-ın Ohayo ştatında 45 gündür sərbəst dolaşan qoyunun xilas edilməsi maraqlı hadisə ilə nəticələnib. Heyvanın təhlükəsiz yerə çatdırılmasına 14 yaşlı Reyqan Krumpler kömək edib.
“People” nəşrinin məlumatına görə, Wadsworth şəhərində bir müddətdir axtarılan qoyunu tutmaq üçün yerli könüllülər və heyvan sığınacağının əməkdaşları səylərini birləşdiriblər. Qoyun dəfələrlə gözdən itərək onu tutmağa çalışanların işini çətinləşdirib.
Reyqan isə atı Katalenanın köməyi ilə heyvanın hərəkət istiqamətini qabaqlayaraq onu təhlükəsiz şəkildə tutmağa nail olub. Qeyd edək ki, Katalena 18 yaşlı atdır.
Heyvanın xilas edilməsində iştirak edənlər uzun müddət davam edən axtarışın uğurla başa çatmasından məmnunluqlarını bildiriblər. Qoyunun bundan sonra lazımi qayğı ilə təmin olunacağı qeyd edilib.
Hadisə sosial şəbəkələrdə də maraq doğurub. İstifadəçilər yeniyetmənin heyvanın xilas edilməsində göstərdiyi köməyi və könüllülərin səylərini müsbət qarşılayıblar.
Mənbə: people.com
