Bu gün Azərbaycanda televiziya və radio sahəsində çalışanların peşə bayramı – Azərbaycan Televiziyası və Radiosu Günü qeyd olunur. Bu il həm də ölkəmizdə radio yayımının başlanmasının 100 ili tamam olur.
Bugun.Tv xəbər verir ki, 1926-cı il noyabrın 6-da Bakıda ilk radiostansiya istifadəyə verilib və ölkədə ilk radio proqramı efirə çıxıb. Həmin gün paytaxtın küçə və meydanlarında quraşdırılmış reproduktorlardan ilk dəfə “Danışır Bakı!” sözləri səslənib. Bu hadisə Azərbaycanın media tarixində yeni mərhələnin başlanğıcı olub.
Azərbaycan Televiziyasının tarixi isə 1956-cı il fevralın 14-dən başlayır. Həmin gün Bakı Televiziya Studiyası ilk dəfə yayıma çıxıb. İlk efirdə tamaşaçılar aktrisa Nəcibə Məlikovanı görüblər. O, çıxışına “Göstərir Bakı!” sözləri ilə başlayıb. Həmin gün ekranda “Bəxtiyar” bədii filmi də nümayiş etdirilib.
Bu gün televiziya və radio cəmiyyətin məlumatlandırılması, ictimai fikrin formalaşması, milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından mühüm rol oynayır. Rəqəmsal medianın inkişaf etdiyi müasir dövrdə də operativ, dəqiq və obyektiv informasiya çatdırmaq peşəkarlıq və böyük məsuliyyət tələb edir.
Bugun.Tv kollektivi adından təbriklər
Bugun.Tv olaraq informasiya cəmiyyətinin formalaşmasına töhfə verən, peşəsinə məsuliyyətlə yanaşan bütün televiziya və radio əməkdaşlarını – jurnalistləri, reportyorları, aparıcıları, redaktorları, operatorları, rejissorları və texniki heyəti peşə bayramı münasibətilə təbrik edirik!
Hər bir media əməkdaşına möhkəm cansağlığı, yaradıcılıq uğurları, tükənməz enerji və fəaliyyətində yeni nailiyyətlər arzulayırıq. Qoy qələminiz, sözünüz və səsiniz daim həqiqətə, cəmiyyətə və xalqa xidmət etsin!
6 Noyabr – Televiziya və radio işçilərinin peşə bayramı mübarək!
