Argentinada yaşayan 78 yaşlı Norberto B. Vorobeyzik (Norberto B. Worobeizyk) yaşın yeni biliklər əldə etməyə mane olmadığını sübut edərək süni intellekt sahəsində öyrəndikləri sayəsində texnologiya şirkətində rəhbər vəzifəyə təyin edilib.
Norberto B. Vorobeyzik təqaüd yaşında olmasına baxmayaraq, süni intellekt texnologiyalarına maraq göstərərək biliklərini artırmağa qərar verib. O, əsasən YouTube videoları və müxtəlif onlayn kurslar vasitəsilə bu sahədə təhsil alıb və qısa müddətdə yeni bacarıqlar əldə edib.
Qazanılan biliklər nəticəsində Argentinanın b.live texnologiya şirkəti onu kommersiya direktoru vəzifəsinə dəvət edib. Beləliklə, o, təqaüd dövründə tamamilə yeni peşə fəaliyyətinə başlayıb.
Vorobeyzik bildirib ki, süni intellekt təcrübəli mütəxəssisləri əvəz etmir, əksinə onların bilik və təcrübəsindən daha səmərəli istifadə etməyə imkan yaradır.
O, həmçinin həyatında ağır bir qəza keçirdiyini, bir müddət iflic vəziyyətində qaldığını və uzun reabilitasiya prosesi yaşadığını xatırladaraq, bütün çətinliklərə baxmayaraq öyrənməkdən heç vaxt vaz keçmədiyini deyib.
78 yaşlı rəhbər hesab edir ki, insan istənilən yaşda yeni texnologiyalara uyğunlaşa və özünü inkişaf etdirə bilər. Onun sözlərinə görə, “Özünü yeniləmək üçün heç vaxt gec deyil”.

Mənbə: EnSonHaber

