Science jurnalında dərc olunan genişmiqyaslı elmi araşdırma genlərin insanın həyat müddətinə təsirinin əvvəlki ehtimallardan xeyli yüksək olduğunu üzə çıxarıb. Beynəlxalq tədqiqatçı qrupunun əkizlər üzərində apardığı araşdırmaya əsasən, yaşam müddətində genetik faktorların payı təxminən 55 faiz təşkil edir.
Yeni nəticələr genetik təsirin 6–33 faiz arasında olduğunu göstərən əvvəlki elmi proqnozları əhəmiyyətli dərəcədə üstələyir. Bu tapıntılar, müxtəlif əlavələr və xüsusi dərman rejimləri ilə ömrü uzatmağın mümkün olduğunu iddia edən biohaker icması üçün gözlənilməz hesab olunur.
Mütəxəssislər bildirirlər ki, daha dəqiq nəticə əldə etmək üçün ölüm səbəbləri xarici (qəzalar, infeksiyalar) və daxili faktorlar üzrə təhlil edilib. Xarici təsirlər istisna edildikdə, genetik faktorların ömrə təsirinin boy uzunluğu və bədən quruluşu kimi əsas bioloji xüsusiyyətlərlə eyni səviyyədə olduğu müəyyən edilib.
Araşdırmanın aparıcı müəllifi Ben Şenhar menopoz yaşı kimi yaşlanma ilə bağlı digər bioloji proseslərin də təxminən 50 faiz irsi olduğunu vurğulayıb. Kopenhagen Universitetindən dosent Morten Şaibye-Knudsen isə genlərin həyat müddətinin bioloji sərhədlərini müəyyən etdiyini qeyd edib və insanların maksimum 120 il yaşaya bilməsini buna nümunə göstərib.
Bununla yanaşı, alimlər sağlam həyat tərzinin əhəmiyyətini qoruduğunu bildirirlər. Araşdırmaya görə, ömrün 45 faizi hələ də qidalanma, fiziki aktivlik və gündəlik vərdişlər kimi nəzarət edilə bilən amillərdən asılıdır. Tədqiqatçılar bu nəticələrin insanları fatalizmə sürükləməməli olduğunu, genetik potensialın necə formalaşmasının həyat tərzindən asılı qaldığını vurğulayırlar.
Mənbə: TrtHaber
