İqtisadiyyat

Deputat Vüqar Bayramov: Bu il işləyən pensiyaçıların pensiyalarında ikiqat artım mümkündür

minimum əmək haqqı, Əmək Məcəlləsi dəyişiklikləri, Vüqar Bayramov, vahid tarif cədvəli, maaş artımı, dövlət büdcəsi, Milli Məclis, əməkhaqqı artımı

İqtisadçı, millət vəkili Vüqar Bayramov sosial media hesabında əmək pensiyalarının artırılması ilə bağlı paylaşım edib.

Vüqar Bayramov bildirib ki, İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” sərəncama əsasən, bu ilin əvvəlindən bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb. Deputatın sözlərinə görə, artımlar əvvəlki ildə orta aylıq əməkhaqqındakı yüksəlişə uyğun aparılıb və bu dəyişiklik 1 milyon 100 mindən çox vətəndaşı əhatə edib.

Millət vəkili qeyd edib ki, hazırkı qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin olunduqdan sonra işləməyə davam edən şəxslərin pensiyası 6 ildən sonra yenidən hesablanır. Bu zaman vətəndaşın fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı nəzərə alınır və ödənilən məcburi dövlət sosial sığorta haqlarının 90 faizi hesablamaya daxil edilir.

Vüqar Bayramovun sözlərinə görə, işləyən pensiyaçılar bu il pensiyalarında iki dəfə artım əldə edə bilərlər. İlk mərhələdə onların pensiyası mövcud qaydalara əsasən 9,3 faiz indeksləşdirilir. Əgər həmin şəxsin pensiya təyin olunduqdan sonra 6 illik iş müddəti tamamlanırsa, sonradan topladığı pensiya kapitalı da aylıq ödənişinə əlavə olunur.

Deputat konkret misalla izah edib ki, əgər vətəndaşa 1 may 2020-ci ildə yaşa görə əmək pensiyası təyin olunubsa və o, işləməyə davam edibsə, 2025-ci ilin sonunda onun pensiyası 800 manat təşkil edibsə, bu məbləğ əvvəlcə indeksasiya nəticəsində artırılır.

Bu halda 800 manatın 9,3 faizi qədər — 74,4 manat əlavə olunur. Əgər 6 il ərzində vətəndaşın fərdi hesabında 25 200 manat pensiya kapitalı toplanıbsa, həmin məbləğ qanunvericiliyə uyğun olaraq 72-yə bölünür və nəticədə aylıq pensiyaya 350 manat əlavə edilir.

Beləliklə, Vüqar Bayramovun təqdim etdiyi hesablamaya əsasən, həmin şəxsin 2026-cı ilin may ayından etibarən yeni pensiyası 1224,4 manat təşkil edə bilər.

Deputat vurğulayıb ki, əmək fəaliyyətini davam etdirən pensiyaçılar üçün bu il həm indeksasiya artımından, həm də yenidən hesablanma nəticəsində yaranan əlavə artımdan faydalanmaq imkanı mövcuddur.

Aynur Camal

Oxşar xəbərlər

“Rusiya Ermənistanda Paşinyan hakimiyyətinə qarşı siyasi təzyiqləri artırır”

Aynur Camal

Deputat Vüqar Bayramov: Yeni qaydalar əlillik dərəcəsinin müəyyənləşdirilməsini daha şəffaf edə bilər

Aynur Camal

Vüqar Bayramov: Azərbaycanda orta aylıq əməkhaqqı 1151 manata yüksəldi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu