Bugun.tv xəbər verir ki, Çin alimlərinin apardığı yeni araşdırma göstərib ki, intervallı kaloriməhdudlaşdırma yalnız çəki itirməyə deyil, həm də beynin fəaliyyəti və bağırsaq mikroflorasının dəyişməsinə səbəb olur.
Nəticələri Frontiers in Cellular and Infection Microbiology jurnalında dərc edilən tədqiqatda piylənmədən əziyyət çəkən 25 nəfər iştirak edib. Araşdırma 62 gün davam edib. Bu müddətdə iştirakçılar əvvəlcə kalori qəbulunu tədricən azaldıb, daha sonra isə gündəlik 500-600 kilokalorilik ciddi pəhrizə riayət ediblər.
Tədqiqatın nəticələrinə görə, iştirakçılar orta hesabla 7,6 kiloqram çəki itiriblər. Bununla yanaşı, bel çevrəsi, qan təzyiqi, qlükoza və xolesterin göstəricilərində də azalma müşahidə olunub.
Maqnit-rezonans tomoqrafiyası göstərib ki, arıqlama zamanı iştaha və mükafatlandırma hissi ilə əlaqəli beyin bölgələrinin aktivliyi azalır. Eyni zamanda bağırsaq mikroflorasında faydalı bakteriyaların sayı artıb, bəzi zərərli bakteriyaların miqdarı isə azalıb.
Alimlər müəyyən ediblər ki, bağırsaq bakteriyalarının tərkibi ilə özünənəzarət və emosiyalara cavabdeh olan beyin sahələrinin fəaliyyəti arasında birbaşa əlaqə mövcuddur. Tədqiqatçılar gələcəkdə çəkini uzunmüddətli saxlamağa kömək edən əsas bakteriyaları müəyyənləşdirməyi planlaşdırırlar.
Mənbə: mail.ru
