Bugun.tv xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı yeni hərbi əməliyyatlara başladığını bəyan edib.
CENTCOM-un sosial media hesabında yayılan açıqlamada bildirilib ki, əməliyyatlar ABŞ-ın şərq sahili vaxtı ilə saat 17:00-da başlayıb. Qeyd olunub ki, zərbələrin əsas məqsədi İranın Hörmüz boğazından sərbəst keçən mülki və ticarət gəmilərinə hücum imkanlarını zəiflətməkdir.
Açıqlamada vurğulanıb ki, əməliyyatın həyata keçirilməsi barədə göstəriş ABŞ Prezidenti Donald Tramp tərəfindən verilib və bunun İran qüvvələrini məsuliyyətə cəlb etmək məqsədi daşıdığı bildirilib.
CENTCOM xatırladıb ki, bir gün əvvəl həyata keçirilən genişmiqyaslı əməliyyat zamanı quru və dəniz bazalı döyüş təyyarələri, pilotsuz uçuş aparatları və hərbi gəmilərdən buraxılan yüksək dəqiqlikli sursatlarla İrana məxsus təxminən 140 hərbi obyekt məhv edilib.
Bu arada İran mediası ABŞ-ın yeni əməliyyatları fonunda ölkənin cənubundakı Bəndər-Abbas, Sirik və Cask şəhərlərində, həmçinin Keşm adasında yeni partlayış səslərinin eşidildiyini yazıb. Yarı rəsmi Mehr xəbər agentliyi Buşehr əyalətində də partlayışların baş verdiyini bildirib.
Hörmüzqan vilayətinin administrasiyası indiyədək həyata keçirilən hücumlar nəticəsində ölən və yaralanan olmadığını açıqlayıb.
Mənbə: Trt.haber

