Səhiyyə

Adi burun damcılarının tərkibindəki maddə qocalmanı ləngidə bilər

Qocalmanı dayandıran dərman axtarışları artıq mövcud preparatların yeni xüsusiyyətlərinin araşdırılması istiqamətinə yönəlib. Alimlər süni intellekt analizi vasitəsilə minlərlə dərmanı araşdıraraq hüceyrə səviyyəsində yaşlanma prosesini ləngidə biləcək maddə aşkar ediblər. Bu maddə adi soyuqdəymə zamanı istifadə olunan preparatların tərkibində olan oksimetazolindir.

ABŞ-ın Şimal-Şərq Universiteti və Harvard Tibb Məktəbinin alimləri 6 mindən çox mövcud dərmanı analiz edərək onların qocalma əleyhinə təsir imkanlarını araşdırıblar. Mürəkkəb kompüter modelləşdirməsi nəticəsində tədqiqatçılar oksimetazolinin gizli potensialını müəyyən ediblər. Araşdırmanın nəticələri Nature Aging elmi jurnalında dərc olunub.

Yeni ömür uzatma dərmanlarının hazırlanması uzun və çox bahalı prosesdir. Buna görə elm dünyasında artıq mövcud olan dərmanların yeni faydalı xüsusiyyətlərinin araşdırılması getdikcə daha çox istifadə olunur. Apteklərdə satılan dərmanlar artıq təhlükəsizlik yoxlamalarından keçdiyi üçün onlarda yeni təsirlərin tapılması sıfırdan yeni preparat yaratmaqdan daha sürətli ola bilər.

Tədqiqatçılar ideal namizədi tapmaq üçün geniş miqyaslı analiz sistemi hazırlayıblar. Onlar qocalma göstəriciləri ilə birbaşa əlaqəli olan 1250 geni müəyyən edərək araşdırmaya daxil ediblər. Bu genlər orqanizmdəki bütün zülallar və onların qarşılıqlı əlaqə şəbəkəsi ilə müqayisə edilib.

Gözlənilməz nəticə

Araşdırma zamanı məlum olub ki, qocalma ilə bağlı genlər təsadüfi şəkildə yerləşmir, onlar zülal şəbəkəsində müəyyən “ərazilərdə” qruplaşır. Bu isə alimlərə eyni anda bir neçə problemli sahəyə təsir göstərə bilən maddələri daha dəqiq axtarmağa imkan verib.

Sistem 6442 tanınmış tibbi birləşməni analiz edib. Tədqiqat zamanı dərmanların yalnız müəyyən genlərə təsiri deyil, həm də bu təsirin istiqaməti – qocalmanı sürətləndirib-sürətləndirməməsi və ya ləngidə bilməsi araşdırılıb.

Ən böyük sürpriz isə oksimetazolin olub. Bu maddə reseptsiz satılan burun spreylərində və göz qızarmasına qarşı istifadə olunan damcılarda geniş yayılıb. Alimlər müəyyən ediblər ki, hüceyrə səviyyəsində bu maddə hüceyrələrarası əlaqəni yaxşılaşdıra bilər. Məhz hüceyrələr arasında əlaqənin zəifləməsi orqanizmin yaşlanmasının əsas amillərindən biri hesab olunur.

Tədqiqatçılar vurğulayıblar ki, bu, qocalığa qarşı hazır dərman demək deyil və uzunömürlülük məqsədilə burun spreyi istifadə etmək olmaz. Lakin yeni araşdırma üsulu gələcək müalicələrin hazırlanması üçün elmə mühüm istiqamət verir.

Növbəti mərhələdə perspektivli maddələr heyvanlar üzərində sınaqdan keçiriləcək. Alimlərin fikrincə, bu araşdırmalar sağlam və uzun ömür üçün yeni müalicə üsullarının yaradılmasına yaxınlaşmağa kömək edə bilər.

Mənbə: Mail.ru Science

Aynur Camal

Oxşar xəbərlər

Narkoloq səhər yeməyində şampan içməyin təhlükələri barədə xəbərdarlıq etdi

Aynur Camal

Siqaret çəkmək görmə qabiliyyətini zəiflədə bilər

Aynur Camal

Johnson & Johnson talk iddialarını həll etmək üçün 5,5 milyard dollar ödəyəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu