Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) Dünya Kuboku da daxil olmaqla turnirlərinin kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmaq planını açıqlayıb. Qərar Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) və aparıcı Avropa klublarının sərt reaksiyasına səbəb olub.
UEFA FİFA-nı “futbolun ruhunu satmağa çalışmaqda” ittiham edib və hüquqi addımlar atma ehtimalını nəzərdən keçirdiyini bildirib. Avropanın bir sıra nüfuzlu klubları da planla bağlı narazılıqlarını ifadə ediblər.
FİFA ABŞ-ın JP Morgan bankı ilə əməkdaşlıq edərək yeni qurum – FIFA Forward Enterprise (FFE) yaratmaq üzərində işlədiyini açıqlayıb. Bu qurum vasitəsilə kişilər və qadınlar arasında Dünya Kubokları, eləcə də Klublararası Dünya Kubokunun kommersiya hüquqlarının əhəmiyyətli hissəsinin investorlara satılması planlaşdırılır.
FİFA bildirir ki, bu addım nəticəsində 10 milyard dollardan çox əlavə gəlir əldə edilə və həmin vəsait təşkilatın 211 üzv assosiasiyası arasında bölüşdürülə bilər.
FİFA prezidenti Canni İnfantino bildirib ki, yeni model futbolun kommersiya tərəfinin daha peşəkar şəkildə idarə olunmasına və əldə olunan gəlirlərin dünya üzrə daha geniş paylaşılmasına imkan verəcək.
Məlumata görə, yeni kommersiya qurumunun dəyəri təxminən 20 milyard dollar qiymətləndirilir. İnfantino bu addımla futbolun qlobal populyarlığının artmasından daha çox gəlir əldə etməyi hədəfləyir.
UEFA isə hesab edir ki, bu plan futbolun idarəçiliyinə təhlükə yarada bilər. Təşkilat bildirib ki, futbolun ruhu və idarəetməsi satıla biləcək kommersiya aktivi deyil.
UEFA-nın açıqlamasında qeyd olunub ki, özəl investorların iştirakı gələcəkdə Dünya Kubokunun daha tez-tez keçirilməsi və yalnız ən çox gəlir gətirən ölkələrdə təşkil olunması kimi qərarlara təsir göstərə bilər.
FİFA isə investorların yalnız azlıq payına sahib olacağını və idarəetmədə nəzarəti itirməyəcəyini açıqlayıb. Təşkilat əldə olunan bütün əlavə gəlirlərin yenidən dünya futbolunun inkişafına yönəldiləcəyini bildirib.
Bu, FİFA prezidenti Canni İnfantinonun futbol üçün xarici kapital cəlb etməyə ikinci cəhdidir. 2018-ci ildə də genişləndirilmiş Klublararası Dünya Kuboku və digər layihələr üçün 25 milyard dollarlıq maliyyələşmə planı müzakirə edilmiş, lakin Avropanın etirazı səbəbindən həyata keçməmişdi.
Mənbə: The Guardian
