Macarıstanda davam edən enerji böhranı fonunda elektrik enerjisinə qənaət məqsədilə bir sıra məhdudlaşdırıcı tədbirlər həyata keçirilməyə başlanıb. Ölkədə bəzi reklam lövhələrinin işıqlandırılması və elektromobillər üçün nəzərdə tutulan doldurma məntəqələrinin bir hissəsi müvəqqəti olaraq söndürülüb.
Bugun.tv xəbər verir ki, bu barədə VFokuse nəşri məlumat yayıb.
Bildirilib ki, Avropada müşahidə olunan rekord isti hava dalğası nəticəsində Dunay çayında suyun səviyyəsi əhəmiyyətli dərəcədə aşağı düşüb. Bu isə ölkənin elektrik enerjisinin təxminən yarısını istehsal edən Pakş Atom Elektrik Stansiyasının soyutma prosesinə mənfi təsir göstərib.
Yaranmış vəziyyətlə əlaqədar hökumət və yerli müəssisələr elektrik enerjisinin istehlakını azaltmaq üçün əlavə tədbirlər görür. Artıq elektromobillərin bəzi doldurma stansiyalarının fəaliyyəti dayandırılıb, şirkətlərə reklam lövhələrinin işıqlandırılmasını söndürmək, soyuducu içki aparatlarının və digər enerji sərf edən avadanlıqların istifadəsini minimuma endirmək tövsiyə olunub.
Macarıstan rəsmiləri eyni zamanda vətəndaşlara da elektrik enerjisindən qənaətlə istifadə etməyə çağırış ediblər. Hazırda ölkə yaranan enerji çatışmazlığını elektrik idxalını artırmaq hesabına kompensasiya etməyə çalışır.
Mütəxəssislər hesab edirlər ki, Avropada davam edən ekstremal istilər enerji sistemlərinə təzyiqi daha da artırır və yaxın aylarda əlavə qənaət tədbirlərinin tətbiqi istisna olunmur.
Mənbə: mail.ru
