Mədəniyyət

Güngör Yavuzaslan: “Qüdsün kitabını yazmalıyam”

Bugun.tv – xəbər verir ki, Türkiyəli yazıçı və jurnalist Güngör Yavuzaslan yeni publisistik yazısında həyatına, yaradıcılığına və getmək istədiyi şəhərlərə dair düşüncələrini bölüşüb:

“İçimdə yetişən sözləri, yığılıb qalan təlaşları bir kənara qoyub daha bir kitab yazmalıyam. Hətta o kitabın adı qəlbimin ən dərin ağrısı olmalıdır; bəli, Qüdsün kitabını yazmalıyam. Təkcə yazmaqla kifayətlənməməli, ruhumu şərqə, o qədim coğrafiyalara yönəltməliyəm.

Hələ ayaq basmadığım, amma həsrətini çəkdiyim Qüds başda olmaqla, sivilizasiyanın kök saldığı Səmərqəndi, elmin beşiyi Buxaranı və zəfərin ünvanı Qarabağı addım-addım gəzməliyəm. Bu dörd şəhər yalnız bir səyahət marşrutu deyil, həm də daxili səyahətin dayanacaqları olmalıdır.

Bu yolçuluqda küskünlüklərə, incikliklərə yer verməməliyəm. Uzun müddətdir laqeyd qaldığım fotoqrafiya dünyasına, o pəncərədən həyata baxdığım anlara qayıtmalıyam. Zehnimi qidalandırmaq üçün yaxşı, dünyagörüşümü genişləndirən on yeni film izləməli, içimdəki dilsiz duyğuları sözlərə çevirərək on altı yeni şeir yazmalıyam. Yollarda gözəl insanlarla yolum kəsişməlidir; hekayəsi olan, qəlbi gözəl insanları tanımalıyam. Və o uzaq coğrafiyalara uzanıb, Afrika xalqlarının o səmimi, o ürəkdən gələn dilini heç olmasa bir qədər anlaya bilməliyəm.

Həyatın o bitib-tükənməyən qaçaqaçına bir az ara verməyin vaxtı gəlib. Bir səhəri heç bir yerə çatmaq dərdi olmadan, zamandan yapışmadan sakitcə keçirməliyəm. Bir dənizin kənarında oturub, üfüqə doğru o ucsuz-bucaqsız maviliyə uzun-uzadı baxmalıyam. Adını belə bilmədiyim, lövhəsi köhnəlib aşınmış qədim bir küçədə bilərəkdən azmalıyam. Qarşıma çıxan bir uşağın dünyasına qonaq olub, onun danışdığı o saf hekayəni bütün ciddiyyətimlə dinləməliyəm. Bir gün heç bir səbəb olmadan, sadəcə içimdən gəldiyi üçün köhnə bir dostumun qapısını döyməliyəm.

Nəhayət, insanıq; öz məhkəməmdə özümü mühakimə etməyi dayandırıb, bir neçə səhvimi artıq bağışlamalıyam. Kor-koranə bağlandığım, sarsılmaz hesab etdiyim bir neçə doğruma da zamanı gələndə arxa çevirə bilmək fəzilətini göstərməliyəm. Uca bir ağacın kölgəsinə sığınıb, qolumdakı saatı, axıb gedən zamanı tamamilə unutmalıyam. Daha çox gülməli, ürəyimə yük olan hesabları daha az tutmalıyam.

Və həyat… Bu qədər gedənin ardından baxıb qalmağımıza, bu qədər əskilməyə, bu qədər yarımçıq qalana baxmayaraq, dağılmadan, dəyişmədən həmişə “mən” olaraq qalmalıyam.

Amma hər şeydən önəmlisi, qəlbimin tam ortasındakı o əsas həqiqəti unutmamalıyam: Səni həmişə sevməliyəm… Səni sevməliyəm ki, keçdiyim bütün bu çətin yolların, addımladığım o qədim şəhərlərin və kağıza köçürdüyüm bütün bu şeirlərin bir ruhu, bir mənası olsun. Çünki sevgi yoxdursa, həyat dediyimiz şey alt-alta yazılmış soyuq bir “ediləcəklər siyahısı”ndan başqa nədir ki?…”

Mənbə: kenthaber27

Aynur Camal

Oxşar xəbərlər

Azərbaycan Mədəniyyəti sosial platforması Yayfest-də uğurla çıxış ETDİ

Aynur Camal

“Xanımlar Türkan Şoraya bənzəməyimi qısqanırlar, onunla görüşəndə…”-FOTO+ÖZƏL

Aynur Camal

Xalq şairi Nəriman Həsənzadə vəfat etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu