Türkiyənin paytaxtı Ankarada Azərbaycanın milli kimliyini və zəngin mədəni irsini əks etdirən monumental sənət əsəri nümayiş etdirilir.
Bugun.tv xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyindən daxil olan məlumata əsasən, Ankarada yerləşən Türk Dövlətləri Mədəniyyət Parkındakı Azərbaycan pavilyonunun önündə “Sonsuzluğun simfoniyası” adlı monumental kompozisiya ucaldılıb.
Azərbaycan Respublikasının Əməkdar rəssamı Rəşad Mehdiyevin müəllifi olduğu əsər cilalanmış paslanmayan poladdan hazırlanıb. Müasir monumental plastika nümunəsi olan kompozisiya Azərbaycanın milli kimliyini, zəngin mədəni yaddaşını və mənəvi varislik ənənələrini təcəssüm etdirir.
Fəzada kəsişən spiralvari formalardan qurulan əsərdə Azərbaycan ornamental sənətinin səciyyəvi motivləri – buta, od rəmzi və Xəzər dalğalarının plastikası əks olunub. Kompozisiyanın mərkəzindəki DNT-nin qoşa spiral modeli genetik yaddaşın qorunmasını və milli mədəni kodun əbədiliyini simvolizə edir. Dövri quruluş isə “Əbədiyyət düyünü” ideyasını ifadə edir.
Dekorativ naxışlarda Qarabağ və Şirvan xalçaçılıq məktəblərinin, eləcə də Azərbaycan memarlıq irsinin bədii elementlərindən istifadə olunub.
Cilalanmış polad səthin yaratdığı güzgü effekti əsərlə ətraf mühit arasında vizual əlaqə yaradır. Kompozisiya Azərbaycanın mədəni irsini müasir sənət dili ilə təqdim etməklə yanaşı, Şərqlə Qərb arasında mədəni körpü ideyasını da ifadə edir.

