Dünya

2027-ci ildə tam Günəş tutulmasını haradan izləmək olar?

Bugun.TV xəbər verir ki, 2 avqust 2027-ci ildə baş verəcək tam Günəş tutulması son yüzilliyin ən uzunmüddətli Günəş tutulmalarından biri olacaq. Bəzi bölgələrdə Ayın Günəşi tamamilə örtdüyü mərhələ 6 dəqiqədən çox davam edəcək. Bu müddətdə belə uzun tam tutulmanın növbəti dəfə yalnız 2114-cü ildə baş verəcəyi bildirilir.

Nadir astronomik hadisəni Cənubi Avropa, Şimali Afrika və Yaxın Şərqin bəzi ərazilərindən müşahidə etmək mümkün olacaq. Tam tutulmanın müşahidə olunduğu bəzi məkanlarda gündüz bir neçə dəqiqəlik qaranlığa çevriləcək.

İspaniya

Tutulmanın müşahidə olunacağı ilk məkanlardan biri İspaniyanın Tarifa şəhəri yaxınlığındakı qədim Baelo Klaudiya Roma xarabalıqları olacaq. Burada tam tutulma təxminən 4,5 dəqiqə davam edəcək.

Cəbəllütariqdə də tutulmanın müddəti buna yaxın olacaq. Lakin məlumatda qayanın zirvəsinə qalxmağın tövsiyə edilmədiyi, çünki burada havanın çox vaxt buludlu olduğu qeyd edilir.

Digər seçim Aralıq dənizində gəmi səyahətinə çıxmaqdır. Dənizin bəzi hissələrində tam tutulma 5 dəqiqəyə qədər davam edə bilər.

Mərakeş

Mərakeşin Tanjer şəhərində tam tutulma 4 dəqiqə 51 saniyə davam edəcək. Ziyarətçilər burada tutulmanı izləməklə yanaşı, tarixi Kasbanı gəzə və şəhərin tanınmış tarixi məkanları ilə tanış ola bilərlər.

Tunis

Tam tutulma zolağı Tunisin cənubundan keçəcək. Ölkədə hadisəni izləməklə yanaşı, “Ulduz müharibələri” filmlərinin çəkildiyi məkanları və “İndiana Cons” filmindən tanınan yerləri də ziyarət etmək mümkündür. Uyğun nöqtədə tam tutulmanın 4 dəqiqədən bir qədər çox davam edəcəyi bildirilir.

Əlcəzair

Əlcəzairin Oran şəhərində tam tutulma zamanı 5 dəqiqə 8 saniyə davam edən qaranlıq müşahidə olunacaq. Burada astronomik hadisə ilə yanaşı, çimərliklərə baş çəkmək, tarixi teatrı və şəhərin digər məkanlarını gəzmək mümkündür.

Digər maraqlı məkan isə Ores dağlarının yaxınlığında yerləşən və yaxşı qorunub saxlanılan qədim Roma koloniyası Timqaddır.

Misir

Tam tutulmanın ən uzun mərhələlərindən biri Misirdə müşahidə ediləcək. Burada tam fazanın müddəti 6 dəqiqə 23 saniyəyə çata bilər.

Tutulmanı Luksorda, Siva vahəsində və ya qədim Bereniki Troqloditika limanının yerləşdiyi ərazidə izləmək mümkün olacaq.

Mütəxəssislər belə uzunmüddətli tam Günəş tutulmalarının nadir baş verdiyini nəzərə alaraq, hadisəni yerində müşahidə etmək istəyənlərin səfər istiqamətlərini əvvəlcədən müəyyənləşdirməsini tövsiyə edir. Ən əlverişli müşahidə məkanlarına marağın böyük olması səbəbindən yerlərin erkən tutulacağı gözlənilir.

Mənbə: Science Mail

Aynur Camal

Oxşar xəbərlər

Rumıniya quraqlıq səbəbindən son işləyən nüvə reaktorunu da dayandırdı

Aynur Camal

Rekord yağışlar: minlərlə sərnişin hava limanında qaldı

Aynur Camal

Ekspert uzunömürlülüyün əsas amilini açıqladı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu