Bugun.tv xəbər verir ki, həkim Aleksandr Nemenov iş günü ərzində nə qədər maye qəbul etməyin düzgün olduğunu açıqlayıb. Onun sözlərinə görə, “nə qədər çox su, bir o qədər yaxşıdır” prinsipi doğru deyil.
“Gazeta.Ru”ya danışan uroloq bildirib ki, normal iqlim şəraitində və orta fiziki aktivlik zamanı böyüklərin gündəlik mayeyə fizioloji ehtiyacı kişilər üçün təxminən 2,5–3 litr, qadınlar üçün isə 2–2,2 litr təşkil edir.
Mütəxəssis bu miqdardan çox və xüsusilə qısa müddətdə həddindən artıq maye qəbul edilməsinin təhlükəli ola biləcəyini vurğulayıb. Bunun orqanizmdə elektrolit balansının pozulmasına səbəb ola biləcəyi qeyd edilir.
Həkim eyni zamanda kifayət qədər maye qəbul edilməməsinin də sağlamlıq üçün risk yaratdığını bildirib. Uzunmüddətli maye çatışmazlığı sidiyin azalmasına və sidikdə duzların konsentrasiyasının artmasına səbəb ola bilər. Bu isə böyrək daşlarının yaranma ehtimalını yüksəldə bilər.
Nemenovun sözlərinə görə, az və nadir sidiyə getmək sidik yollarında bakteriyaların çoxalması üçün əlverişli şərait yaradaraq sistit riskini də artıra bilər.
Həkim günə bir stəkan su ilə başlamağı və gün ərzində maye qəbulunu bərabər şəkildə bölməyi tövsiyə edib. İsti havalarda, məşq zamanı və çox tərlədikdə su qəbulunun artırılması məsləhət görülür.
Mütəxəssis gündəlik su normasını bir-iki dəfəyə içməməyə, iş masasında təmiz su olan butulka saxlamağa çağırıb.
Mənbə: “Zdorovye Mail”
