Bugun.tv xəbər verir ki, ABŞ Federal Təhqiqat Bürosu (FBI) Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqələndirilən şəbəkənin ABŞ və Ukraynanı dəstəkləyən Avropa ölkələrində müəyyən şəxslərə qarşı sui-qəsdlər hazırladığını açıqlayıb.
ABŞ federal rəsmilərinin məlumatına görə, Manhetten federal məhkəməsində açılan ittihamnamədə beş nəfər barəsində cinayət işi başlanılıb. İttihamnaməyə əsasən, Rusiyanın kəşfiyyat xidmətləri ilə əlaqəli olduğu bildirilən şəbəkə ABŞ-da və digər ölkələrdə hədəfləri izləmək, daha sonra isə öldürmək üçün şəxslərə pul ödəyib və ya pul təklif edib. Beş şübhəlinin hazırda azadlıqda olduğu bildirilir.
FBI-nin Nyu-Yorkdakı ofisinin rəhbəri Ceyms Barnakl bildirib ki, şəbəkənin üzvləri və onların tərəfdaşları ABŞ ərazisində və dünyanın müxtəlif yerlərində insanları təhdid etmək, qorxutmaq və öldürmək məqsədilə planlar qurublar.
Məlumata görə, şəbəkə əvvəllər əsasən Rusiya müxalifət nümayəndələri və ölkədən qaçan şəxsləri hədəfə alıb. Daha sonra isə diqqət Ukraynanın müttəfiqi hesab edilən ölkələrə yönəlib.
İttihamnamədə ABŞ-da yaşayan bir şəxsin bu ilin yayında Vaşinqtonda olduğu ehtimal edilən tanınmış rusiyalı müxalifəti izləmək və öldürmək üçün işə cəlb edilməyə çalışıldığı da qeyd olunur. Şəxs izləməni həyata keçirsə də, öldürmə qarşılığında təklif edilən 40 min dolları qəbul etməyib.
ABŞ Ədliyyə Nazirliyi isə şəbəkənin Ukrayna tərəfdarı hesab edilən Avropa ölkələrində mülki və hərbi infrastruktura qarşı terror aktları törətməyə cəhd etdiyini bildirib. Rusiya tərəfi isə ittihamlarla bağlı sübut tələb edib.
Mənbə: Trt.haber
