Bugun.tv xəbər verir ki, Avropada havaların normadan daha isti keçməsi qarşıdakı istilik mövsümündə qaz ehtiyatlarının çatışmazlığını qismən azaltmağa kömək edə bilər.
BloombergNEF analitiklərinin məlumatına görə, oktyabrın 7-dək Avropada orta temperaturun 15,1 dərəcə Selsi olması gözlənilir. Bu göstərici son 10 ilin orta temperaturundan təxminən 9 faiz yüksəkdir.
Proqnozlara əsasən, isti hava dekabrın əvvəlinə qədər davam edə bilər. Qışın əvvəlində temperaturun 10 illik normadan təxminən 0,3 dərəcə yüksək olacağı gözlənilir.
Bloomberg bildirir ki, Avropada yeraltı qaz anbarlarından mövsümi istifadə dövrü başlayır. Hazırda qaz ehtiyatlarının doluluq səviyyəsi 70 faiz təşkil edir. Bu göstərici son 10 ilin orta səviyyəsindən 16,8 faiz bəndi aşağıdır.
Analitiklər hesab edirlər ki, havaların mülayim keçməsi qaz istehlakını azaldaraq anbarlardakı ehtiyat çatışmazlığını müəyyən qədər kompensasiya edə bilər.
Bununla yanaşı, isti qış külək enerjisinin istehsalına mənfi təsir göstərə bilər. Belə vəziyyətdə Avropa ölkələrinin enerji tələbatını qarşılamaq üçün atom, hidro və geotermal enerji istehsalına daha çox ehtiyac duyması mümkündür.
Mənbə: mail.ru
