Tibb eksperti, radioloq-həkim Nazir Allahverdi yeni sistem yaradılmasının zəruriliyi ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Bugun.Tv xəbər verir ki, Nazir Allahverdi özəl tibb müəssisələrində çalışan həkimlərin üzləşdiyi problemlərdən danışıb.
O qeyd edib ki, həkimlər pasiyentə xidmət göstərmək üçün reklam yarışına qoşulmaq məcburiyyətində qalmamalıdır:
“Biz özəldə çalışan həkimlər olaraq nə edək? Instagram-da pullu reklam verək? TikTok-da hər gün şou göstərək? Özümüzü reklam edib pasiyent axtaraq? Bəs biz bu məmləkətin həkimləri deyilik?
Artıq təxminən 6 aydır özəl tibb müəssisələrinə icbari tibbi sığorta ilə pasiyent göndərişləri dayandırılıb. Dövlət müəssisələrində isə hər yerdə müasir avadanlıq və bütün xidmətləri yüksək səviyyədə göstərmək imkanı yoxdur.
Onda pasiyent nə etməlidir? Həkim nə etməlidir?
İllərlə oxuyan, təcrübə toplayan, öz sahəsində inkişaf edən həkim indi özünü TikTok-da necə daha yaxşı göstərəcəyini düşünməlidir?
Mən reklamın əleyhinə deyiləm. Amma həkimliyin reklam yarışına çevrilməsinin əleyhinəyəm.
Biz pasiyent üçün işləmək, tibbi xidmət göstərmək istəyirik. Bunun üçün normal və ədalətli sistem lazımdır. Biz bu ölkənin həkimləriyik. Bizə də işləmək üçün şərait lazımdır”.
