Kembric Universitetinin alimləri yeni araşdırmada kometaların Yer üzündə həyatın yaranmasına kömək edən əsas üzvi maddələri planetimizə çatdırması ilə bağlı uzun illərdir mövcud olan nəzəriyyəni şübhə altına alıblar. Tədqiqatçılar hesab edirlər ki, kometaların yüksək sürətlə Yerə çırpılması onların daşıdığı mühüm kimyəvi birləşmələri məhv etmiş ola bilər.
Bugun.tv xəbər verir ki, bu barədə “ScienceDaily” nəşri noyabrın 10-da məlumat yayıb.
Alimlər kompüter modelləşdirməsindən istifadə edərək kometaların erkən Yerə hansı sürət və bucaq altında yaxınlaşdığını araşdırıblar. Nəticələr göstərib ki, bu kosmik cisimlərin gətirdiyi həssas üzvi molekulların zərbədən sağ çıxaraq Yer səthində qalması olduqca az ehtimallıdır.
Araşdırmada xüsusilə hidrogen sianid adlı kimyəvi birləşməyə diqqət yetirilib. Bu maddə karbon və azot ehtiva edir və canlılığın yaranmasından əvvəlki kimyəvi proseslərdə mühüm rol oynaya bilər. Tədqiqatçılar hesab edirlər ki, kometa vasitəsilə bu maddənin həyatın yaranması üçün kifayət edəcək miqdarda Yerə çatdırılması son dərəcə nadir hadisə olardı.
Alimlər həyatın ilkin maddələrinin asteroid zərbələri nəticəsində və ya gənc Yer kürəsində baş verən təbii kimyəvi proseslər vasitəsilə yaranmış ola biləcəyini irəli sürürlər. Araşdırmada Marsın kometaların gətirdiyi maddələri qəbul etmək üçün Yerdən daha əlverişli şəraitə malik ola biləcəyi də qeyd olunur.
Nəticələr “Scientific Reports” elmi jurnalında dərc edilib.
Mənbə: ScienceDaily
