Bugun.tv xəbər verir ki, İranın Fars körfəzində yerləşən Cənubi Pars qaz yatağındakı platformalardan birində yanğın baş verib. Hadisə zamanı təhlükəsizlik məqsədilə platformadakı işçilər təxliyə edilib.
“Al Jazeera”nın Reuters-ə istinadən yaydığı məlumata görə, yanğın noyabrın 10-da yatağın 14-cü mərhələsində yerləşən qaz platformasında qeydə alınıb. İranın yarırəsmi Fars xəbər agentliyi bildirir ki, “Pars Oil and Gas Company”nin əməkdaşları alovu qısa müddətdə nəzarətə götürüblər.
Buşehr vilayətinin böhran idarəsinin rəhbəri Kuruş Dehqan hadisə zamanı 17 işçinin həyatlarını xilas etmək üçün dənizə tullandığını açıqlayıb. Daha sonra vilayətin böhran idarəsi onların hamısının xilasedici qayıqlara mindiyini və vəziyyətlərinin yaxşı olduğunu bildirib. İşçilərin platformadan geri qaytarılması üçün əraziyə üç böyük xilasetmə gəmisi göndərilib.
Yanğının qaz sızması və ya texniki nasazlıq səbəbindən baş vermiş ola biləcəyi ehtimal edilir. Hadisənin dəqiq səbəbi araşdırılır.
Məlumata görə, yanğın baş verən platforma Cənubi Pars yatağının gündəlik 700 milyon kubmetrdən çox qaz hasilatının 14,5 milyon kubmetrini təmin edir.
Mənbə: “Al Jazeera”
