Böyük Britaniya hökumətinə ölkənin mümkün hərbi qarşıdurmaya qarşı hazırlığını sürətləndirmək çağırışı edilib. Lordlar Palatasının Sənaye və Tənzimləyicilər Komitəsi hesab edir ki, müdafiə sənayesindəki mövcud bürokratik əngəllər aradan qaldırılmalı, hərbi təchizat və yeni texnologiyaların hazırlanması prosesi sürətləndirilməlidir.
Bugun.tv xəbər verir ki, bu barədə “TRT Haber” noyabrın 11-də məlumat yayıb.
Komitənin hesabatında Müdafiə Nazirliyi ilə özəl şirkətlər arasındakı münasibətlərin dəyişdirilməsi tövsiyə olunur. Bildirilir ki, dövlətin şirkətlərlə yalnız sifarişçi və icraçı prinsipi əsasında işləməsi yeni texnologiyaların inkişafını ləngidir. Bunun əvəzinə daha çevik əməkdaşlıq və tərəfdaşlıq modeli yaradılmalıdır.
Hesabatda müdafiə sifarişlərinin rəsmiləşdirilməsi prosesinin həddindən artıq mürəkkəb olduğu, bürokratiyanın dövlət vəsaitinin israfının qarşısını almaq məqsədi daşısa da, gözlənilən nəticəni vermədən təchizat proseslərini yavaşlatdığı qeyd edilir. Komitə yeni texnologiyaların alınmasında daha çevik qərarların qəbul edilməsini, kiçik və orta sahibkarlıq subyektlərinin müdafiə sənayesində iştirakının artırılmasını da vacib sayır.
Britaniyanın müdafiə naziri Ues Stritinq ölkənin qarşıdakı 1000 gün ərzində mümkün hərbi əməliyyata hazır olmasının vacibliyini vurğulayıb. Hökumətin 2030-cu ilədək müdafiə xərclərini ümumi daxili məhsulun 3 faizinə çatdırmaq öhdəliyi də hesabatda xatırladılır.
Komitə dekabrın 1-də keçiriləcək Müdafiə İnvestisiyaları Sammitinin biznes nümayəndələrinə və investorlara daha aydın təminatlar verməli olduğunu bildirib.
Böyük Britaniyanın Müdafiə Nazirliyi isə açıqlamasında Silahlı Qüvvələrin döyüş hazırlığının artırılması üçün təxminən 300 milyard funt sterlinq investisiya nəzərdə tutulduğunu, kiçik və orta müəssisələrə ayrılan vəsaitin isə 2,5 milyard funt sterlinq artırıldığını qeyd edib.
Mənbə: TRT Haber
