Bugun.tv xəbər verir ki, alimlər qadınların kişilərlə müqayisədə daha isti mühitə üstünlük verməsinin mümkün bioloji səbəbini araşdırıblar. Tədqiqatçılar bu fərqin temperaturu hiss edən sinir reseptorları və testosteron hormonu ilə əlaqəli ola biləcəyini müəyyən ediblər.
“Mail.ru” nəşrinin məlumatına görə, təcrübə London Kral Kollecinin alimlərinin iştirakı ilə siçanlar üzərində aparılıb. Heyvanlara müxtəlif temperaturlu səthlər arasında seçim etmək imkanı verilib. Nəticədə erkək siçanların əsasən 32 dərəcə, dişilərin isə təxminən 36 dərəcə isti səthə üstünlük verdiyi müşahidə olunub.
Araşdırmada soyuğu və istiliyi hiss edən TRPM8 və TRPM2 adlı iki reseptorun roluna diqqət yetirilib. Dişi siçanlarda bu reseptorların temperatur dəyişikliklərinə reaksiyasının daha yüksək həddə baş verdiyi müəyyən edilib. Testosteron səviyyəsinin dəyişdirilməsi də heyvanların isti mühitə üstünlük verməsinə təsir göstərib.
Tədqiqat The Journal of Physiology elmi jurnalında dərc olunub.
Alimlər vurğulayırlar ki, araşdırma insanlarda aparılmayıb. Buna görə nəticələr qadınların soyuğa daha həssas olmasının qəti elmi izahı hesab edilə bilməz. Bu mexanizmin insanlarda da eyni şəkildə işləyib-işləmədiyini müəyyənləşdirmək üçün əlavə tədqiqatlar lazımdır.
Mənbə: Mail.ru
