Çörək insanlığın ən qədim qidalarından biri hesab olunur. Arxeoloji tapıntılar göstərir ki, insanlar taxıl əkib-becərməyə başlamazdan min illər əvvəl də çörəyə bənzər qidalar hazırlayırmış.
Bugun.tv xəbər verir ki, Avropa Komissiyasının elmi araşdırmalar platforması CORDIS-in məlumatına görə, İordaniyanın şimal-şərqindəki arxeoloji ərazidə təxminən 14 400 il əvvələ aid yanmış çörək qalıqları aşkar edilib.
Kopenhagen Universiteti, London Universitet Kolleci və Kembric Universitetinin alimləri tapılan 24 qalıq nümunəsini araşdırıblar. Tədqiqat zamanı onların üyüdülmüş bitki məhsullarından hazırlanaraq xəmir formasına salındığı və bişirildiyi müəyyən edilib.
Alimlərin fikrincə, bu çörəklər müasir lavaşa bənzər yastı formada olub. Hazırlanmasında yabanı taxıllardan və bəzi kök yumrularından əldə edilən un istifadə edilib.
Maraqlı məqam odur ki, bu qida əkinçiliyin geniş yayılmasından təxminən 4 min il əvvəl hazırlanıb. Tədqiqatçılar hesab edirlər ki, çörək hazırlamaq ənənəsi insanların sonradan taxıl bitkilərini becərməyə marağının artmasına təsir göstərmiş ola bilər.
Mənbə: CORDIS
