Moda tarixində elə geyim nümunələri var ki, onların hazırlanmasında istifadə edilən materiallar bu gün də təəccüb doğurur. Belə nümunələrdən biri XIX əsrin sonlarında şüşə liflərindən toxunmuş libas olub.
Bugun.tv xəbər verir ki, “Smithsonian Magazine” nəşrinin məlumatına görə, bu qeyri-adi geyim 1893-cü ildə Çikaqoda keçirilən Ümumdünya sərgisində nümayiş etdirilib. Libbey Glass şirkətinin təqdim etdiyi libas incə şüşə saplarının ipəklə birləşdirilməsi nəticəsində hazırlanmışdı.
Geyimin çəkisi 13,5 funtdan, yəni təxminən 6 kiloqramdan çox idi. İspan şahzadəsi Mariya Eulaliya libası bəyənərək onun surətini sifariş etmiş və bunun üçün 2 500 dollar ödəmişdi. Bu məbləğ indiki pulla təxminən 90 min dollara bərabər hesablanır.
Şüşə saplarından hazırlanan geyimlər səhnə və kino sənətində də istifadə olunub. Lakin belə parçalar asanlıqla zədələndiyindən və bədənə rahatlıq vermədiyindən gündəlik geyimə çevrilməyib.
Bu gün dizaynerlər şüşə elementlərindən yenidən bəzək və yüksək moda nümunələrində istifadə edirlər.
Mənbə: WorldNews
