Böyük Britaniya hökuməti ölkədə daimi yaşayış hüququ əldə etmək istəyən xarici vətəndaşlar üçün gözləmə müddətini uzatmağı nəzərdə tutan yeni miqrasiya qaydalarını təqdim etməyə hazırlaşır.
Bugun.Tv xəbər verir ki, “Sky News”un məlumatına görə, daxili işlər naziri Şabana Mahmud noyabrın 2-də parlamentdə miqrasiya sistemində nəzərdə tutulan dəyişikliklərlə bağlı açıqlama verəcək.
Müzakirəyə çıxarılan əvvəlki təkliflərə əsasən, xarici vətəndaşların daimi yaşayış icazəsi almaq üçün gözləmə müddətinin indiki beş ildən 10 ilə qədər artırılması nəzərdə tutulurdu. Bəzi aşağı maaşlı işçilər, o cümlədən sosial qayğı sahəsində çalışanlar üçün bu müddətin 15 ilə çatdırılması təklif edilmişdi.
Planlar Böyük Britaniyada çalışan xarici işçilər, xüsusilə də qayğı sektorunun əməkdaşları üçün narahatlıq yaradıb. Çünki həmin sahədə işçi çatışmazlığı mövcuddur.
Bununla yanaşı, hökumətin ölkədə artıq yaşayan sosial qayğı işçilərini daha uzun gözləmə müddətindən azad edə biləcəyi ehtimalı da müzakirə olunur. Yeni qaydaların son variantı nazirin parlamentdəki açıqlamasından sonra aydınlaşacaq.
Mənbə: Sky News
