ABŞ ordusu Hörmüz boğazında İran hədəflərinə mümkün zərbələrlə bağlı planları qiymətləndirir. Bu barədə CNN telekanalı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun potensial hədəfləri sırasında İranın mina qoyan gəmiləri və sürətli hücum katerləri yer alır. ABŞ hərbçiləri zərbələrin yalnız Hörmüz boğazı ilə məhdudlaşmayaraq, həmçinin Oman körfəzi və Fars körfəzinin cənub hissəsindəki obyektləri də əhatə edə biləcəyini nəzərdən keçirir.
Telekanal qeyd edir ki, münaqişənin ilk mərhələsində ABŞ əsasən boğazdan uzaq ərazilərdəki hədəfləri vurmağa üstünlük verirdi. Lakin yeni strategiya daha çox strateji əhəmiyyətə malik dəniz yollarına fokuslanmağı nəzərdə tutur.
Mənbələrin bildirdiyinə görə, ABŞ İranı danışıqlara qaytarmaq məqsədilə ikili təyinatlı obyektləri və enerji infrastrukturunu da hədəf ala bilər. Bundan əlavə, Tehranda qərar qəbul edən hərbi-siyasi rəhbərliyə qarşı hədəflənmiş zərbələr ehtimalı da istisna edilmir.
Potensial hədəflər sırasında İslam İnqilab Keşikçiləri Korpusu (SEPAH) komandiri general-mayor Əhməd Vahidinin də adı çəkilir.
Ekspertlər hesab edirlər ki, belə bir addım regionda gərginliyi daha da artıraraq, beynəlxalq enerji tədarükü üçün həyati əhəmiyyət daşıyan Hörmüz boğazında təhlükəsizlik risklərini yüksəldə bilər.
Mənbə: TASS
