ABŞ və İsrail arasında İran ətrafında davam edən gərginlik fonunda yeni hərbi ssenarilər gündəmə gəlib. Fox News-un məlumatına görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) rəhbəri admiral Brad Cooper tərəfindən Donald Trump-a mümkün hərbi əməliyyat variantları təqdim olunub.
Məlumata əsasən, Ağ Evdə keçirilən brifinq zamanı İranın “qalan hərbi aktivləri, rəhbərliyi və infrastrukturu”nun hədəf alınmasını nəzərdə tutan qısa və intensiv zərbələr paketi müzakirə edilib. Bildirilir ki, bu plan yalnız hərbi əməliyyatların yenidən başlanması qərarı veriləcəyi halda icra oluna bilər.
Eyni zamanda, Pentaqonun yeni silah sistemlərinin, o cümlədən “Dark Eagle” adlı hipersəs raketlərinin istifadəsini nəzərdən keçirdiyi qeyd olunur. Bu sistemin 3 min kilometrdən artıq məsafədəki hədəfləri vurmaq qabiliyyətinə malik olduğu bildirilir.
Hesabatda həmçinin B-1B Lancer bombardmançı təyyarələrinin regionda fəaliyyətinin artdığı vurğulanır. Bu təyyarələrin böyük həcmdə yüksək dəqiqlikli silahlar daşıya bildiyi qeyd edilir.
Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hücumlardan sonra Tehran körfəz regionundakı müttəfiqlərə qarşı cavab tədbirləri həyata keçirib və Hörmüz boğazı bağlanıb.
Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə atəşkəs elan olunsa da, İslamabadda keçirilən danışıqlarda yekun razılıq əldə edilməyib. Daha sonra Donald Tramp atəşkəsi birtərəfli şəkildə uzadıb, lakin yeni müddət açıqlanmayıb.
Regionda vəziyyətin gərgin olaraq qaldığı və diplomatik səylərin davam etdiyi bildirilir.
Mənbə: AnadoluAgentliyi
