Bugun.tv xəbər verir ki, aparılan araşdırmaya əsasən, Afrika filləri müxtəlif xəstəlik və narahatlıqları aradan qaldırmaq üçün bəzi müalicəvi bitkilərdən istifadə edə bilər.
Müxtəlif universitetlər və təbiətin mühafizəsi ilə məşğul olan Mount Elgon Foundation təşkilatının əməkdaşlığı ilə aparılan araşdırma çərçivəsində tədqiqatçılar Keniyanın qərbində, Elqon dağı ərazisində fillərlə işləyən şəxslərlə görüşüblər.
Toplanan məlumatlara əsasən, bəzi fillər narahatlıq keçirdikləri zaman müəyyən bitki növlərindən istifadə edir. Araşdırmada ana fillərin balalarını da bu bitkilərlə qidalandıra biləcəyi ehtimalı irəli sürülüb.
Tədqiqatçılar fillərin 35 müxtəlif bitki növündən yararlandığını müəyyənləşdirib. Onlardan 25-nin yerli əhali tərəfindən də müalicə məqsədilə istifadə edildiyi bildirilib.
Ana fil bitkiləri çeynəyərək balasına verir
Vəhşi təbiət əməkdaşlarından biri fillərin bölgədə “Angurweet” kimi tanınan və mədə ağrısı kimi narahatlıqların müalicəsində istifadə edilən bitkinin yarpaqlarını bəzi ağacların kökləri ilə birlikdə çeynəyərək qarışıq halına gətirdiyini bildirib. Onun sözlərinə görə, ana fillər bu qarışığı süd vasitəsilə balalarına verə bilər.
Araşdırmanın əsas müəlliflərindən, Braun Universitetindən doktor Elodi Freyman bildirib ki, nəticələr meşə ərazilərinin məhv edilməsinin həm heyvanları, həm də insanları təbiətdəki potensial müalicəvi mənbələrdən məhrum edib-etmədiyi sualını gündəmə gətirir.
Tədqiqatçılar fillərin müxtəlif sağlamlıq problemləri zamanı konkret bitkiləri seçib-seçmədiyini və həmin bitkilərin müalicəvi təsir göstərə biləcək bioloji xüsusiyyətlərə malik olub-olmadığını araşdırmağa davam edirlər.
Araşdırmanın nəticələri “Scientific Reports” elmi jurnalında dərc olunub.
Mənbə: Trt.haber
