Bugun.tv xəbər verir ki, Avropa Birliyi Konqo Demokratik Respublikası və Uqandada yayılan Ebola virusu ilə bağlı açıqlama verib.
Avropa Komissiyasının sözçüsü Eva Hrncirova gündəlik brifinq zamanı bildirib ki, vəziyyət yaxından izlənilir və zərurət yaranarsa, qurum operativ şəkildə tədbir görməyə hazırdır.
Onun sözlərinə görə, Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi qiymətləndirməsinə əsasən, hazırda Avropa Birliyi ölkələri üçün Ebola yoluxma riski çox aşağı səviyyədədir. Bu göstərici hətta bölgəyə səfər edən şəxslər üçün də aşağı hesab olunur.
Eva Hrncirova qeyd edib ki, Avropada adi ictimai səhiyyə qaydalarından əlavə xüsusi məhdudiyyətlərin tətbiqinə ehtiyac yoxdur. Bununla belə, o vurğulayıb ki, xəstəliklər sərhəd tanımır və bu səbəbdən beynəlxalq əməkdaşlıq mühüm əhəmiyyət daşıyır.
Açıqlamada Ümumdünya Səhiyyə Təşkilatı və digər tərəfdaşlarla koordinasiyanın davam etdirildiyi bildirilib.
Qeyd edək ki, ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus daha əvvəl Konqo Demokratik Respublikası və Uqandadakı Ebola epidemiyasının beynəlxalq əhəmiyyətli ictimai səhiyyə fövqəladə vəziyyəti yaratdığını açıqlamışdı.
Konqo hökumətinin sözçüsü Patrick Muyaya isə ölkədə Ebola virusuna yoluxanların sayının 435-ə, ölənlərin sayının isə 118-ə yüksəldiyini bildirib.
Səhiyyə rəsmilərinin məlumatına görə, hazırkı epidemiya nadir Ebola variantlarından biri olan “Bundibugyo” virusu ilə əlaqəlidir və bu virusa qarşı təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu hələ mövcud deyil.
Mənbə: TrtHaber
