Avropa İttifaqının üzv ölkələrinin liderləri Ukraynaya gələcək maliyyə yardımının təmin edilməsi və birliyin növbəti yeddiillik büdcəsi ilə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışırlar. Brüsseldə keçirilən sammitdə Ukraynaya 2027-ci il üçün nəzərdə tutulan 45 milyard avroluq kredit məsələsi əsas müzakirə mövzularından birinə çevrilib.
Bugun.tv xəbər verir ki, bu barədə “Reuters” agentliyi noyabrın 26-da məlumat yayıb.
Təklifə əsasən, Avropa İttifaqı Ukraynaya 45 milyard avro borc verməyi planlaşdırır. Kreditin Rusiya müharibə nəticəsində vurduğu ziyana görə Ukraynaya təzminat ödədikdən sonra qaytarılması nəzərdə tutulur.
Lakin bütün üzv ölkələr bu təşəbbüsü dəstəkləmir. Slovakiya, Çexiya, Macarıstan və Bolqarıstan maliyyə öhdəliyinə qoşulmağa etiraz edirlər. Almaniya isə Ukraynaya yardımın bütün 27 üzv dövlətin birgə məsuliyyəti olmasını istəyir.
Sammitdə 2028–2034-cü illəri əhatə edən təxminən 1,58 trilyon avroluq yeni büdcə də müzakirə olunur. Liderlər əsas razılaşmanın dekabr ayında əldə edilməsinə çalışırlar.
Mənbə: Reuters
