Bugun.tv xəbər verir ki, Avropa İttifaqına üzv bir sıra ölkələrin xarici işlər nazirləri Ukraynada atəşkəs əldə olunmadan Rusiyanın iştirakı ilə Avropanın gələcək təhlükəsizlik arxitekturasının müzakirəsinə başlanmasını vaxtından əvvəl hesab edirlər.
“Reuters” agentliyinin noyabrın 16-da yaydığı məlumata görə, Brüsseldə keçirilən xarici işlər nazirlərinin toplantısında Moskva ilə mümkün danışıqların şərtləri müzakirə olunub. Nazirlər belə təmasların yalnız Ukraynada atəşkəsə nail olunduqdan və Rusiya tərəfindən konkret güzəştlər edildikdən sonra gündəmə gəlməli olduğunu bildiriblər.
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Moskvanın danışıqlar prosesindən müharibəni davam etdirmək üçün istifadə edə biləcəyi barədə narahatlığını ifadə edib.
Danışıqlarda Avropanı təmsil edəcək qrupda Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və Polşanın, eləcə də Avropa İttifaqı institutlarının iştirak etməsi nəzərdə tutulur.
İrlandiyanın xarici işlər naziri Helen MakEnti isə Rusiyaya qarşı yeni sanksiya tədbirlərinin hazırlanmasının davam etdiyini və 113 şəxs və quruma qarşı məhdudiyyətlərin tətbiq edildiyini bildirib.
Mənbə: Reuters
