Bugun.tv xəbər verir ki, İran və ABŞ alimlərinin birgə apardığı araşdırma gələcəkdə bitkilərin ətraf mühitdəki dəyişiklikləri özləri müəyyən etməsinə imkan verə biləcək yeni texnologiyanın əsasını qoyub. TV BRICS-in 27 avqust tarixli məlumatına görə, tədqiqatçılar tranzistor kimi işləyə bilən dəyişdirilmiş bakteriya hüceyrələri hazırlayıblar.
Araşdırmada İran alimləri ilə Massaçusets Texnologiya İnstitutunun (MIT) mütəxəssisləri iştirak ediblər. Məqsəd canlı hüceyrələrin daxilində kompüter sistemlərinin əsas elementlərini yaratmaqdır.
Alimlər bir bakteriya hüceyrəsinin daxilində bütöv kompüter sistemi qurmaq əvəzinə, ayrı-ayrı bakteriyaları tranzistor funksiyasını yerinə yetirəcək şəkildə dəyişdiriblər. Gələcəkdə bu bioloji tranzistorların birləşdirilməsi daha mürəkkəb hesablama sistemlərinin yaradılmasına imkan verə bilər.
Tədqiqatın maraqlı istiqamətlərindən biri texnologiyanın bitkilərə tətbiq edilməsidir. Belə sistemlər gələcəkdə bitkilərin quraqlıq, zərərvericilər və digər ekoloji dəyişiklikləri müəyyən etməsinə kömək edə bilər.
Alimlər hesab edirlər ki, texnologiya inkişaf etdirilərsə, bioloji sistemlər ətraf mühitdən məlumat toplayan və həmin məlumatı emal edən yeni nəsil “canlı sensorlara” çevrilə bilər.
Mənbə: TV BRICS
