Bugun.tv xəbər verir ki, Honkonq Elm və Texnologiya Universitetinin alimləri ağız boşluğunun sağlamlığını və orqanizmin bəzi metabolik göstəricilərini izləyə bilən innovativ diş ipi cihazı hazırlayıblar. Yeni texnologiya adi diş təmizləmə prosesini sağlamlıq göstəricilərinin monitorinqinə çevirməyi hədəfləyir.
“ScienceAlert” nəşrinin noyabrın 19-da yaydığı məlumata görə, Hnin Yin Yin Nyein rəhbərlik etdiyi tədqiqat qrupu tərəfindən hazırlanan cihaz dişlər və diş ətləri arasındakı xüsusi mayeni toplayaraq analiz edir. Bu maye diş əti oluğu mayesi adlanır və orqanizmdəki bəzi metabolik proseslər haqqında məlumat daşıyır.
Adi diş ipinə bənzəyən qurğunun daxilində xüsusi mikrofluidik kamera və biosensorlar yerləşdirilib. Cihaz bir neçə dəqiqə ərzində qlükoza, sidik turşusu, hidrogen peroksid və turşuluq səviyyəsini ölçərək nəticələri simsiz şəkildə smartfona ötürə bilir.
12 nəfərin iştirakı ilə aparılan ilkin sınaqlarda cihazın ölçdüyü qlükoza və sidik turşusu göstəricilərinin qan analizlərinin nəticələri ilə uyğunluq nümayiş etdirdiyi müəyyən edilib.
Bununla belə, tədqiqatçılar texnologiyanın hələ əlavə sınaqlara ehtiyac duyduğunu bildirirlər. Nümunələrə tüpürcək və qan qarışmasının ölçmələrin dəqiqliyinə təsir göstərə biləcəyi qeyd olunur. Alimlər gələcəkdə cihazın klinik sınaqlarının genişləndirilməsini planlaşdırırlar.
Araşdırmanın nəticələri “Science Advances” elmi jurnalında dərc olunub.
Mənbə: ScienceAlert
