Alimlər çörəyin qida dəyərini artırmaq üçün yeni üsul müəyyən ediblər.
Araşdırmaya görə, xəmirə qreypfrut qabığı tozu əlavə etmək məhsulun həm faydasını, həm də keyfiyyətini artırır.
Tədqiqat nəticələri Scientific Reports jurnalında dərc olunub. Mütəxəssislər bildirirlər ki, qreypfrut qabığından əldə edilən toz lif və antioksidantlarla zəngindir və bu da çörəyin daha sağlam olmasına səbəb olur.
Aparılan eksperiment zamanı alimlər bu tozu xəmirə əlavə edərək məhsulun xüsusiyyətlərini təhlil ediblər. Nəticələr göstərib ki, bu maddə xəmirin su və yağ saxlama qabiliyyətini artırır, nəticədə çörək daha yumşaq və elastik olur. Eyni zamanda məhsulun tərkibində faydalı qida maddələrinin miqdarı yüksəlir.
Araşdırmaya əsasən, ən optimal nəticə xəmirə təxminən 4 faiz qreypfrut qabığı tozu əlavə edildikdə əldə olunub. Bu halda çörəyin dadında yüngül sitrus notları hiss olunsa da, ümumi keyfiyyət qənaətbəxş hesab edilib.
Alimlər qeyd edirlər ki, lifli qidalar bağırsaq sağlamlığı üçün vacibdir, antioksidantlar isə hüceyrələri zərərli təsirlərdən qoruyur.
Mənbə: mail.ru
