Bugun.tv xəbər verir ki, alimlər Avropanı təsiri altına alan rekord istilərin 50 il əvvəl demək olar ki, mümkün olmadığını və yüksək temperaturun əsas səbəbinin iqlim dəyişikliyi olduğunu açıqlayıblar.
İngiltərə və Avropanın müxtəlif universitet və elmi qurumlarından olan mütəxəssislərin birləşdiyi World Weather Attribution (WWA) təşkilatının tədqiqatçıları Avropa İttifaqı ölkələri, Böyük Britaniya, İsveçrə və Norveçdə əhalisi 50 mindən çox olan 854 şəhərdə temperatur göstəricilərini təhlil ediblər.
Araşdırma nəticəsində həmin şəhərlərin 45 faizində istilik stresinin əsas göstəricilərindən sayılan yaş termometr temperaturu üzrə bütün zamanların rekord səviyyələrinin qeydə alındığı və ya buna çox yaxınlaşdığı müəyyən edilib.
Alimlərin qənaətinə görə, son bir həftə ərzində Avropada müşahidə olunan güclü istilər 50 il əvvəl demək olar ki, baş verə bilməzdi və bunun əsas səbəbi sürətlə dərinləşən iqlim dəyişikliyidir.
WWA-nın hesabatında bildirilir ki, iqlim dəyişikliyi Avropada 2003-cü ildə müşahidə olunan şəraitlə müqayisədə ekstremal istilərin yaranma ehtimalını 100 dəfə artırıb. Gündüz saatlarında rekord yüksək temperaturun qeydə alınması ehtimalı isə təxminən 10 dəfə yüksəlib.
Tədqiq olunan 30 Avropa ölkəsindəki 854 şəhərin 45 faizində yüksək temperatur və rütubətin birləşməsi insan sağlamlığı üçün təhlükəli şərait yaradıb. Alimlər həmçinin müəyyən ediblər ki, bu istilərdə El-Ninyo hadisəsinin təsiri olmayıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Simon Stiell bildirib ki, kömür, neft və qazdan asılılıq iqlim böhranını sürətləndirir. Onun sözlərinə görə, problemin həlli təmiz enerjiyə keçidin sürətləndirilməsi, meşələrin qorunması və iqlim dəyişikliklərinə davamlılığın artırılmasından keçir.
Londonun İmperial Kollecinin ekstremal hava hadisələri üzrə tədqiqatçısı Teodor Keeping isə fosil yanacaqlardan yaranan emissiyaların bu həftə qeydə alınan yüksək temperaturun birbaşa səbəbi olduğunu vurğulayıb. O qeyd edib ki, Avropada istilik rekordları artıq bir neçə ildən bir deyil, ardıcıl aylarda qırılır və yeni nəsil “qar günləri” ilə deyil, “isti günlərlə” böyüyür.
Mənbə: TrtHaber
