Bugun.tv xəbər verir ki, ABŞ-ın texnologiya nəhəngi Apple Rusiyanın ən populyar sosial media platformalarından olan VK və şirkətə məxsus bir sıra tətbiqləri App Store mağazasından çıxarıb.
VK tərəfindən yayılan açıqlamada bildirilib ki, Apple əvvəlcədən xəbərdarlıq etmədən şirkətə aid bəzi tətbiqləri birtərəfli qaydada App Store-dan silib.
Məlumata görə, VK, Zen, VK Video, VK Messenger, VK Music, VK Dating və Odnoklassniki tətbiqləri artıq Apple cihazlarına yüklənmir və yenilənmir.
Şirkət qeyd edib ki, VK heç bir sanksiya siyahısına daxil edilməyib və Apple-ın qərarı Rusiyada milyonlarla istifadəçinin gündəlik yararlandığı xidmətlərə çıxışı məhdudlaşdırır.
Açıqlamada vurğulanıb ki, tətbiqlərin yenilənməməsi istifadəçilərin mesajları və mühüm hadisələrlə bağlı ani bildirişləri vaxtında ala bilməməsinə səbəb ola bilər.
VK Apple-ın bu addımını “əsassız və qəbuledilməz” adlandırıb.
Qeyd edək ki, Apple daha əvvəl də Rusiyaya məxsus müxtəlif tətbiqləri App Store-dan çıxarıb. Rusiya isə öz növbəsində ölkə ərazisində Facebook, Instagram, YouTube və X platformalarına girişə məhdudiyyətlər tətbiq edib.
Mənbə: TrtHaber
