Alimlər bəzi hallarda geniş istifadə olunan lif əlavələrinin qaraciyər sağlamlığına mənfi təsir göstərə biləcəyini açıqlayıb.
Edith Cowan University alimlərinin apardığı tədqiqat göstərib ki, meyvə və qoz-fındıq məhsullarının istehlakı qaraciyərin piylənməsi riskini azalda bilər. Araşdırmanın nəticələri Molecular Nutrition and Food Research jurnalında dərc olunub.
Mütəxəssislər bildirir ki, nar, giləmeyvə, üzüm və qozda olan ellag turşusu antioksidant və iltihabəleyhinə xüsusiyyətlərə malikdir və qaraciyəri qorumaqda mühüm rol oynayır.
Eyni zamanda araşdırma məşhur qida əlavəsi olan inulinlə bağlı riskləri də ortaya çıxarıb. Qeyd olunub ki, bu həll olunan lif növü bəzi hallarda – xüsusilə digər faydalı maddələrlə birlikdə qəbul edilmədikdə – bədən çəkisinin artmasına, qlükoza səviyyəsinin yüksəlməsinə və qaraciyər zədələrinin güclənməsinə səbəb ola bilər.
Alimlər hesab edir ki, bu təsir bağırsaq mikrobiomunda baş verən dəyişikliklərlə əlaqəli ola bilər.
Qeyd edək ki, Nonalcoholic Fatty Liver Disease dünyada ən geniş yayılmış xəstəliklərdən biri hesab olunur və piylənmə, diabet və yüksək qan təzyiqi ilə sıx əlaqəlidir.
Mənbə: mail.ru
