Bugun.tv xəbər verir ki, Milli Məclisin deputatı Vüqar Bayramov Prezident İlham Əliyev və Almaniyanın Federal Kansleri Fridrix Mertsin Berlində səsləndirdiyi Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması təşəbbüsünü iki ölkə arasında iqtisadi əməkdaşlığın yeni mərhələsi kimi dəyərləndirib.
Sosial media hesabında paylaşım edən deputat bildirib ki, Biznes Şurasının yaradılması Azərbaycan və Almaniya arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində siyasi iradənin göstəricisidir. Onun sözlərinə görə, yeni platforma qarşılıqlı sərmayələrin artmasına və biznes əlaqələrinin genişlənməsinə töhfə verəcək.
Vüqar Bayramov qeyd edib ki, indiyədək Almaniya şirkətləri Azərbaycana 938 milyon dollar investisiya yatırıb və bu vəsaitin 94 faizi qeyri-neft sektoruna yönəlib. Azərbaycanın Almaniyaya yatırdığı investisiyanın həcmi isə 668 milyon dollar təşkil edir. Hazırda Azərbaycanda fəaliyyət göstərən 250-yə yaxın Almaniya şirkətinin, eləcə də yeni investorların bu əməkdaşlıqdan faydalanacağı gözlənilir.
Deputatın fikrincə, xarici investisiyaların artması yeni texnologiyaların ölkəyə gətirilməsinə, yeni iş yerlərinin açılmasına və məşğulluğun güclənməsinə də müsbət təsir göstərəcək. O əlavə edib ki, nəqliyyat dəhlizləri və beynəlxalq yükdaşımaları sahəsində əməkdaşlığın genişlənməsi Azərbaycanın tranzit imkanlarını və valyuta gəlirlərini artırmaqla yanaşı, ölkənin geosiyasi mövqeyini də gücləndirəcək.
Bayramov vurğulayıb ki, Berlində imzalanan “Azərbaycan Respublikası və Almaniya Federativ Respublikası arasında ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə” və Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə keçdiyini göstərir.

