Payızın son ayında tərəvəz seçərkən onların yalnız görünüşünə deyil, nə vaxt yığıldığına və necə saxlanıldığına da diqqət yetirmək lazımdır. Mütəxəssislər bildirirlər ki, bəzi tərəvəzlər xarici görünüşü təzə qalsa belə, saxlanma müddətində faydalı maddələrinin bir hissəsini itirə bilər.
Bugun.tv xəbər verir ki, “Mail.ru” nəşrinin məlumatına görə, xüsusilə ispanaq, yarpaq kahısı, rukkola, brokkoli və yaşıl lobya uzun müddət saxlanıldıqda faydalı maddələrini daha tez itirən məhsullar sırasındadır. Bu tərəvəzlərdə, xüsusilə C vitamininin miqdarı zaman keçdikcə azala bilər.
Rusiyanın Keyfiyyətə Nəzarət Sistemi (Roskaçestvo) mütəxəssisləri noyabr ayında ağ və qırmızı kələm, kök, çuğundur, balqabaq və baş soğan kimi tərəvəzlərə üstünlük verməyi məsləhət görürlər. Bu məhsullar uzun müddət saxlanıldıqda belə, lif, vitamin və mineral mənbəyi olaraq qalır.
Tərəvəzləri necə seçmək və saxlamaq lazımdır?
Mütəxəssislər tərəvəz alarkən məhsulun yığıldığı vaxtı, daşınma və saxlanma şəraitini nəzərə almağı tövsiyə edirlər. Yarpaqlı göyərtiləri otaq temperaturunda uzun müddət saxlamaq məsləhət deyil. Tərəvəzlər uyğun temperaturda, birbaşa günəş işığından uzaq yerdə saxlanılmalıdır.
Qeyd olunur ki, yalnız yerli məhsullarla kifayətlənmək vacib deyil. Əsas məsələ gündəlik qidalanmada müxtəlif tərəvəzlərə yer vermək və onların təzəliyinə diqqət yetirməkdir.
Mənbə: mail.ru
