Bugun.tv xəbər verir ki, yeni araşdırmalar arıqlamaq üçün istifadə olunan bəzi dərmanların döş xərçəngi riskini əhəmiyyətli dərəcədə azalda biləcəyini göstərib.
Nüfuzlu The Guardian nəşrinin məlumatına görə, alimlər tərəfindən aparılan üç ayrı tədqiqatın nəticələri bu preparatların gələcəkdə xərçənglə mübarizədə də mühüm rol oynaya biləcəyini ortaya qoyub. Araşdırmalara əsasən, sözügedən dərmanlar döş xərçənginin yaranma və ya xəstəlikdən ölüm riskini 30 faizə qədər azalda bilər.
Mütəxəssislər bildirirlər ki, artıq çəki və piylənmə döş xərçənginin əsas risk faktorlarından biri hesab olunur. Arıqlama dərmanlarının bədən çəkisini azaltmaqla yanaşı, orqanizmdə iltihabi prosesləri və hormonal dəyişiklikləri də tənzimləyə bilməsi onların əlavə qoruyucu təsir göstərə biləcəyini ehtimal etməyə əsas verir.
Alimlər əldə olunan nəticələrin ümidverici olduğunu vurğulasalar da, dərmanların xərçəngin profilaktikasında istifadəsi ilə bağlı yekun nəticəyə gəlmək üçün daha genişmiqyaslı klinik tədqiqatlara ehtiyac olduğunu bildiriblər.
Tədqiqat müəlliflərinin fikrincə, gələcəkdə bu preparatlar artıq çəkidən əziyyət çəkən və yüksək risk qrupuna daxil olan şəxslər üçün xərçəngin qarşısının alınmasında əlavə vasitələrdən birinə çevrilə bilər.
Mənbə: The Guardian
