Bugun.tv xəbər verir ki, Estoniyanın paytaxtındakı Tallinn hava limanında sürücüsüz nəqliyyat vasitələrinin istifadəsində yeni mərhələyə keçilib.
Euronews-un məlumatına görə, Estoniyanın “Auve Tech” şirkətinin hazırladığı “MiCa” sürücüsüz avtobusları hava limanında təyyarələrin park edildiyi ərazilərin yaxınlığında hərəkət etməyə başlayıb. Daha əvvəl bu nəqliyyat vasitələrində təhlükəsizlik əməkdaşı olurdusa, yeni mərhələdə sürücü və təhlükəsizlik operatoru olmadan fəaliyyət göstərirlər.
İşçiləri və ehtiyat hissələrini daşıyır
Sürücüsüz avtobuslardan əsasən hava limanında çalışan əməkdaşların və təyyarələr üçün ehtiyat hissələrinin daşınması məqsədilə istifadə olunur.
Hava limanları ciddi təhlükəsizlik qaydaları səbəbindən sürücüsüz texnologiyaların tətbiqi üçün şəhər yollarından daha mürəkkəb mühit hesab edilir. Tallinn hava limanındakı layihənin uğurlu olması halında belə sistemlərin digər hava limanlarında da tətbiqinin genişlənə biləcəyi bildirilir.

Mənbə: Euronews
